AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun ”Kitabi-Dədə Qorqud”un Günbəd əlyazması” monoqrafiyası işıq üzü görüb. Nəşr 2019-cu ilin əvvəllərində İranda aşkar edilmiş Günbəd əlyazmasının tekstoloji-filoloji təhlilinə həsr olunmuş ilk monoqrafik araşdırmadır.

Kitab şərti olaraq iki hissəyə – əlyazmanın tekstoloji-filoloji araşdırmasını əhatə edən tədqiqat hissəsi və əlyazmanın tənqidi mətni və sözlüyünə bölünür. Əlyazmanın ilk dəfə hazırlanmış tənqidi mətni “Kitabi-Dədə Qorqud”un yeni mətninin müxtəlif adlarla təqdim olunan üç Türkiyə və bir Azərbaycan nəşri əsasında tərtib edilib.

Akademikin fikrincə, 31 vərəqdən ibarət olan əlyazma kitabı XVIII yüzilliyin sonlarında Təbrizdə hazırlanıb. Əlyazmanın paleoqrafik göstəriciləri və dil özəllikləri belə bir fikrə gəlməyə əsas verir. Kitab oğuz elinin bilicisi Dədə Qorqudun soylamalarından və eposun baş qəhrəmanı Qazan xan haqqındakı bir boydan ibarətdir. Sonda əlyazmanın faksimilesi də verilib.

“Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyanın elmi redaktoru akademik Kamal Abdulla, məsul redaktoru dosent Qətibə Vaqifqızıdır.