“Məqsədimiz Azərbaycanın zəngin mədəniyyətini, təbii gözəlliklərini xarici turistlərə layiqincə təqdim etməkdir”
   
   Ötən həftə «Xəzər Travel» turizm şirkətinin yeni ofisinin açılış mərasimi keçirildi. Ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirə Kubanın Azərbaycandakı səfiri Marsello Kabalyerro Torres də qatılmışdı.
   
   «Xəzər Travel»in ofis meneceri Ülviyyə Məmmədli tədbiri açaraq şirkətin yeni ofisdə fəaliyyətinin daha da genişlənəcəyini vurğuladı: “Xəzər Travel”in yarandığı vaxtdan qarşıya qoyduğu əsas məqsədlərdən biri Azərbaycanın zəngin mədəniyyətini, təbii gözəlliklərini xarici turistlərə layiqincə, yüksək xidmət keyfiyyəti ilə təqdim etməkdir”.
   Daha sonra çıxış edən «Xəzər Travel»in rəhbəri, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) prezidenti Nahid Bağırov artıq Bakıda şirkətin 6-cı ofisinin fəaliyyətə başladığını dedi. Bu tədbiri «Turizm ili» çərçivəsində görülən ilk işlərdən biri hesab edən N.Bağırovun sözlərinə görə, turizm sektoru işçilərini qarşıda mühüm layihələrlə zəngin bir il gözləyir: «Biz daima Azərbaycan dövləti tərəfindən özümüzə dəstəyi hiss etmişik. Bu dəstəyin nəticəsidir ki, ölkə turizmi artıq yüksək inkişaf mərhələsinə qədəm qoyub. 2011-ci ilin «Turizm ili» elan olunması bizə yeni bir stimul verdi. Azərbaycanın turizm imkanlarının həm ölkə daxilində, həm də xaricdə tanınması üçün əlimizdən gələni etməyə çalışacağıq».
   Şirkət rəhbəri bildirdi ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin turizm şirkətləri və hotellərin rəhbərləri ilə görüşündən sonra Azərbaycan Turizm Assosiasiyasına bir çox turizm şirkətlərindən təkliflər gəlib: «Prezident İlham Əliyevin 2011-ci ili “Turizm ili” elan etməsi ilə əlaqədar yanvarın 18-də hörmətli nazir turizm şirkətləri və hotellərin rəhbərləri ilə işgüzar görüş keçirdi. Bu görüşdə Əbülfəs Qarayev turizm qurumlarına 2011-ci ildə həyata keçiriləcək layihələrlə bağlı təkliflərini hazırlayıb nazirliyə təqdim etməyi tövsiyə etdi. Bizə daxil olan bütün təklifləri ümumiləşdirib paket şəklində Mədəniyyət və Turizm Nazirliyinə təqdim edəcəyik».
   Kubanın Azərbaycandakı səfiri Marsello Kabalyerro Torres ölkəsinin turizm sahəsinə böyük önəm verdiyini və bu sahədən xeyli gəlir götürdüyünü bildirdi. Səfir Azərbaycanda fəaliyyət göstərən turoperatorların Kuba ilə yaxından tanış olması üçün səylərini əsirgəməyəcəyini dedi: «Kubaya hər il 2 milyondan artıq turist gəlir. Turizm şirkətinin geniş texniki imkanlara malik ofislərinin olması onların geniş fəaliyyət imkanlarından xəbər verir. Belə şirkətlərlə qarşılıqlı əməkdaşlıq hesab edirəm ki, mənim ölkəm üçün də çox faydalıdırr».
   Səfir mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Azərbaycan-Kuba Hökumətlərarası Komissiyanın həmsədri olduğunu nəzərə çatdıraraq turizm sahəsində əməkdaşlığın perspektivlərini vurğuladı: «Mən nazirin Azərbaycanın turizm imkanlarının dünyada tanıdılmasında və ölkədə bu sektorun inkişaf etdirilməsində necə böyük səylər göstərməsinin şahidiyəm. Hesab edirəm ki, harada səy varsa, orda yüksək nəticə və nailiyyət var. Ona görə də yaxın illərdə Azərbaycanın adının inkişaf etmiş turizm ölkələri ilə bir sırada çəkiləcəyinə inanıram».
   Səfir ölkəmizin bir sıra regionlarına səfərlər etdiyini də dedi: «Azərbaycanın təbiətinə, yaşıllıqlarına heyranam. Çox zəngin mətbəxiniz var. Özü də maraqlıdır ki, hər bir bölgənin özünəməxsus yeməkləri, şirniyyatları mövcuddur. Bu da ölkənizi turistlər üçün daha maraqlı və cəlbedici edir».
   «Mirakle Travel»in rəhbəri Zülfiyyə Məmmədova bir həmkar olaraq «Xəzər Travel»in kollektivini bu yeni uğurları münasibətlə təbrik etdi. Onun sözlərinə görə, turizm şirkətinin ofislərinin sayı çox olduqca, fəaliyyəti də genişlənir: «Azərbaycanın daxili turizminin inkişafında bu şirkətin özünəməxsus yeri və rolu var. Uzun müddətdir fəaliyyət göstərən «Xəzər Travel» artıq bir şirkət kimi həm daxili, həm də xarici turizm bazarında öz sözünü deyib. Onlara yeni uğurlar arzulayıram».

   Fəxriyyə Abdullayeva