Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə sentyabrın 24-də Səmərqənd şəhərindəki "İpək Yolu" Beynəlxalq Turizm Universitetinə Azərbaycana dair kitablar hədiyyə olunub.
AMM-dən bildirilib ki, təqdim olunan nəşrlər ölkəmizin tarixi, dövlətçiliyi, iqtisadiyyatı, turizmi, ədəbiyyatı, tarixi şəxsiyyətləri haqqında Azərbaycan, özbək, rus və ingilis dillərində kitablardan ibarətdir.
Qeyd edək ki, layihə 14-16 sentyabr tarixində Özbəkistanın Xivə şəhərində reallaşan "Mərkəzi Asiya dünya sivilizasiyalarının kəsişməsində" beynəlxalq forumu və TÜRKSOY Daimi Şurasının 38-ci sessiyası çərçivəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun Özbəkistan Baş nazirinin müavini, Səmərqənd "İpək Yolu" Beynəlxalq Turizm Universiteti rektoru Aziz Abduhakimovla görüşü zamanı əldə olunan razılığa əsasən həyata keçirilib.
Xatırladaq ki, həmin görüşdə tərəflər arasında birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, Azərbaycan və Özbəkistanın mədəniyyət abidələrinin bərpa və konservasiya sahəsində qarşılıqlı mütəxəssis mübadiləsi, habelə birgə təlimlərin, aparılmış, iki ölkədən sənətkarların iştirakı ilə festivalların keçirilməsi müzakirə olunmuşdu.