Azərbaycan

 

13 oktyabr 1918 – Əməkdar incəsənət xadimi, rəssam Lətif Əbdülbaği oğlu Feyzullayev (1918-1987) anadan olub. Abşeron təbiətinin koloriti, Xəzər neftçiləri ilə bağlı maraqlı əsərlərin müəllifidir.

13 oktyabr 1938 – Əməkdar artist Hamlet Ağadadaş oğlu Qurbanov (1938 – 15.11.1995) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə (“Dədə Qorqud”, “O dünyadan salam” və s.),  televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

13 oktyabr 1938 – Əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifov (1938 – 26.9.2008) Bakıda anadan olub. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.

13 oktyabr 1940 – Bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev; 1940 – 24.8.2017) Bakıda anadan olub. “Bir saatlıq xəlifəlik”, “Baş tutmayan hiylə” operettalarının, uşaqlar üçün musiqili səhnə əsərlərinin (“Tülkü, tülkü, tünbəki...”), mahnıların müəllifidir.

13 oktyabr 1940 – Əməkdar incəsənət xadimi, kinoşünas İmran Musa oğlu Xəlilov (1940 – 18.7.2000) anadan olub. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

13 oktyabr 1967 – Tanınmış aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897–1967) vəfat edib. Tiflis Azərbaycan Dram Teatrının baş rejissoru olub, Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Böyük dayaq” filmində (Yarməmməd) çəkilib.

13 oktyabr 1974 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlul oğlu Bəhlulzadə (15.12.1909 – 1974) vəfat edib. Əsərləri müxtəlif xarici muzeylərin eksponatları sırasındadır.

 

14 oktyabr 1875 – Maarif xadimi, naşir Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə (1875-1941) Bakıda doğulub. 1906-1908-ci illərdə “Dəbistan” adlı ilk milli pedaqoji jurnalın naşiri və mühərriri olub.

14 oktyabr 1912 – Heykəltəraş, Əməkdar incəsənət xadimi Həyat Həmdulla qızı Abdullayeva (1912 – 21.4.2006) Dərbənd şəhərində anadan olub. Şuşada M.P.Vaqifin abidəsi, X.Natəvanın büstü və s. əsərlərin müəllifidir.

14 oktyabr 1933 – Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 1933 – 2.12.2004) Naxçıvan MR Şahbuz rayonunun Nursu kəndində doğulub. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

14 oktyabr 1962 – Xalq artisti Əli Mirzə oğlu Qurbanov (20.6.1898 – 1962) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb. Filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

15 oktyabr 1910 – Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Hüseyn Əli oğlu Seyidzadə (1910 – 2.6.1979) İrəvan şəhərində anadan olub. “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.

15 oktyabr 1910 – Tarixçi, ictimai xadim İsmayıl Abbas oğlu Hüseynov (1910-1969) anadan olub.

15 oktyabr 1933 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Nurəddin Xeyrulla oğlu Babayev (1933-2012) anadan olub.

15 oktyabr 1928 – Xalq rəssamı Yusif İsmayıl oğlu Hüseynov (1928 –  1.9.2009) Bakıda doğulub. Kitab və dəzgah qrafikası, siyasi plakatlar və rəngkarlıq əsərlərinin müəllifidir. 1977-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri olub.

15 oktyabr 1932 – Şair Hafiz Həbib oğlu Baxış (1932 – 7.9.1989) Zəngəzur mahalının Yuxarı Kirətağ kəndində doğulub. Sözlərinə populyar mahnılar bəstələnib.

15 oktyabr 1938 – Azərbaycan teatr tarixində xidmətləri olmuş tanınmış aktrisa Panfiliya Nikolayevna Tanailidi (1891-1938) repressiya edilərək güllələnib. Milliyyətcə yunandır. Tiflis Azərbaycan teatrında, 1925-ci ildən Akademik Dram Teatrında çalışıb.

15 oktyabr 1946 – Əməkdar mədəniyyət işçisi, kinoşünas, kino təşkilatçısı Abbas İbrahim oğlu Əliyev (1946-2008) anadan olub. 

15 oktyabr 1988 – Kristalloqrafiya sahəsində məşhur alim, Azərbaycan EA-nın müxbir üzvü Xudu Surxay oğlu Məmmədov (14.12.1927 – 1988) vəfat edib. Sənətşünaslıqla bağlı yazıların, “Naxışların yaddaşı”, “Qoşa qanad” və s. kitabların müəllifidir.

15 oktyabr 1996 – Tanınmış diktor, Əməkdar artist Gültəkin Əjdər qızı Cabbarlı (9.3.1929 – 1996) vəfat edib.

 

Dünya

 

13 oktyabr 1921 – Fransız aktyoru və müğənnisi İv Montan (Yves Montand – İvo Livi; 1921-1991) anadan olub. Çəkildiyi filmlər: “Etiraf”, “Vəhşi”, “Silah seçimi”.

13 oktyabr 1934 – Rus aktyoru Saveli Kramarov (1934-1995) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Ələkeçməz qisasçılar”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

 

14 oktyabr 1864 – Polyak yazıçısı Stefan Jeromski (Stefan Zeromski; 1864-1925) anadan olub. “Kül”, “Həyatın bəzəyi”, “Dənizdən külək”, “Günahın tarixi” və s. romanların müəllifidir.

 

15 oktyabr 1814 – Rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov (1814 – 27.7.1841) anadan olub. Əsərləri: “Zəmanəmizin qəhrəmanı” (roman), “Mtsıri”, “Hacı Abrek”, “Qafqaz əsiri” (poema), “Maskarad” (pyes) və s. Azərbaycanda olub, “Aşıq Qərib” dastanını qələmə alıb.

15 oktyabr 1844 – Alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 1844 - 25.8.1900) anadan olub. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və şərdən o yana”, “Bütlərin qürubu” və s.

15 oktyabr 1929 – Serb şairi, yazıçı, tərcüməçi Milorad Paviç (1929-2009) anadan olub. Xəzər xaqanlığından (VIII-IX əsrlər) bəhs edən “Xəzər lüğəti” tarixi-ensiklopedik romanının müəllifidir.

Hazırladı: Vüqar ORXAN