Azərbaycan

 

20 oktyabr 1906 – Əməkdar artist İbrahim Ağahüseyn oğlu Hüseynov (Şünasi; 1906-1961) Bakıda doğulub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb.

20 oktyabr 1910 – İlk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova (1910 – 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.

20 oktyabr 1913 – Tanınmış şair, respublika Dövlət mükafatı laureatı Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə;  1913 – 27.9.1977) İrəvanda doğulub. Ədəbi nəşrlərə rəhbərlik edib. Rus, Ukrayna, gürcü, belarus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

20 oktyabr 1917 – Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov (1917 – 4.5.1975) Tiflisdə doğulub. 1937-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub.

20 oktyabr 1922 – Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 – 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini dünyanın bir sıra ölkələrində tanıdıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dərs deyib.

20 oktyabr 1995 – Əməkdar artist Mustafa Hüseyn oğlu Sərkarov (1905-1995) vəfat edib. Gəncə Dram Teatrında aktyor, truppa müdiri işləyib.

 

21 oktyabr 1932 – Xalq şairi, ədəbiyyatşünas Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 1932 – 22.6.1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 1988-ci ildə başlanan milli azadlıq hərəkatında iştirak edib, 1990-cı ilin 20 Yanvar qırğınından sonra həbs edilib, Moskvada Lefortovo həbsxanasında saxlanılıb. Kitabları: “Hara gedir bu dünya”, “Məndən başlanır vətənim” və s.

21 oktyabr 1932 – Əməkdar mədəniyyət işçisi, aşıq Kamandar Həmid oğlu Əfəndiyev (1932 – 26.10.2000) Gürcüstanın Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində doğulub. 1987-ci ildə Tbilisidə Beynəlxalq yaradıcılıq festivalının laureatı olub.

21 oktyabr 1938 – Ədəbiyyatşünas alim, şair Əmin Abid (Əmin Mütəllib oğlu Əhmədov; 1898–1938) vəfat edib. Azərbaycan ədəbiyyatı tarixinə dair monoqrafiyaların, milli-azadlıq ruhlu şeirlərin müəllifidir. Repressiya qurbanı olub.

21 oktyabr 1941 – Əməkdar incəsənət xadimi, aşıq Hüseyn Bozalqanlı (Hüseyn Cəfərqulu oğlu Quliyev; 1863-1941) vəfat edib. Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub.

 

22 oktyabr 1919 – Bəstəkar Ərtoğrol Cavid (Rasizadə; 1919 – 14.10.1943) anadan olub. Böyük şair və dramaturq Hüseyn Cavidin oğludur. Romans və mahnılar bəstələyib. Azərbaycan xalq mahnılarını nota köçürüb.

22 oktyabr 1920 – Nasir Məmməd Aranlı (Məmməd Salman oğlu Ağayev; 1920-1950) Ağcabədidə anadan olub.

22 oktyabr 1921 – Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Kamil Müseyib oğlu Əliyev (1921 – 1.3.2005) İrəvan şəhərində doğulub. “Füzuli”, “Nəsimi”, “Nizami” portret-xalçalarının müəllifidir.

22 oktyabr 1929 – Tanınmış filosof, akademik Fuad Feyzulla oğlu Qasımzadə (1929 – 3.8. 2010) Bakıda doğulub. Böyük mütəfəkkir şair M.Füzulinin fəlsəfi dünyagörüşü ilə bağlı tədqiqatların müəllifidir.

22 oktyabr 1940 – Tərcüməçi, publisist, Əməkdar jurnalist Mailə Balabəy qızı Muradxanlı (1940-2010) Salyan şəhərində anadan olub.

22 oktyabr 1970 – Azərbaycanda kukla teatrının yaradıcılarından biri, aktyor, rejissor Molla Ağa Bəbirli (15.9.1905 – 1970) vəfat edib. 

 

22 oktyabr 1990 – Əməkdar artist Narınc Murad qızı Məlikova (1917–1990) vəfat edib. Füzuli və Ağdam teatrlarında aktrisa kimi fəaliyyət göstərib.

22 oktyabr 2020 – Əməkdar mədəniyyət işçisi, şair İsmayıl Cabir oğlu Dadaşov (23.3.1957 – 2020) vəfat edib. “Azərbaycanfilm”də musiqi redaktoru işləyib.

 

23 oktyabr 1953 – Tanınmış xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (1953 – 30.9.1991) Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub. Xalq mahnıları, muğam və təsniflərin mahir ifaçısı olub. Avtomobil qəzasında dünyasını dəyişib.

 

24 oktyabr 1882 – Böyük şair-dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 1882 – 5.12.1941) Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin (“İblis”, “Topal Teymur”, “Şeyx Sənan”, “Xəyyam” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib. 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.

24 oktyabr 1923 – Tanınmış aktyor Dadaş Nadir oğlu Kazımov (1923-1992) Bakıda doğulub. 1956-cı ildən Musiqili Komediya Teatrında çalışıb, filmlərdə çəkilib.

24 oktyabr 1928 – Xalq artisti, bəstəkar İbrahim Qurban oğlu Məmmədov (1928-1993) Bakıda doğulub. Müxtəlif janrlarda əsərlərin, uşaqlar üçün “Tülkü və Alabaş” opera-baletinin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

24 oktyabr 1929 – Musiqişünas, sənətşünaslıq namizədi, Əməkdar müəllim Solmaz Cəlal qızı Qasımova (1929-2016) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının  professoru olub.

24 oktyabr 1929 – Ədəbiyyatşünas alim, professor Şəmistan Abdu oğlu Mikayılov (1929-2018) Gürcüstanın Bolnisi rayonu Faxralı kəndində doğulub. Ədəbiyyat dərsliklərinin müəllifidir.

24 oktyabr 1931 – Əməkdar mədəniyyət işçisi Rimma Əli qızı Abdullayeva (1931-2017) Ağdam rayonunda doğulub. “Azərbaycanfilm” Kinostudiyasında film direktoru vəzifəsində işləyib.

 

Dünya

 

20 oktyabr 1854 – Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud; 1854-1891) anadan olub.

20 oktyabr 1919 – Başqırd şairi Mustay (Mustafa) Kərim (1919-2005) anadan olub.

 

21 oktyabr 1833 – İsveçli mühəndis, ixtiraçı, Nobel mükafatlarının təsisçisi Alfred Nobel (Alfred Bernhard Nobel; 1833-1896) Stokholmda doğulub.

21 oktyabr 1928 – Tatar əsilli Rusiya aktyoru Radner Zinyatoviç Muratov (1928-2004) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Qızıl buzov” və s.

 

22 oktyabr 1811 – Macar bəstəkarı Ferens List (Ferenc Liszt; 1811 – 31.7.1886) anadan olub. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası, “Prelüdlər”.

22 oktyabr 1870 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1933) İvan Alekseyeviç Bunin (1870 – 8.11.1953) anadan olub.

22 oktyabr 1919 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2007) Doris Lessinq (Doris Lessing; 1919 – 17.11.2013) İranın Kirmanşah şəhərində doğulub. Atası İranda ingilis ordusunun zabiti olub.

 

23 oktyabr 1920 – İtalyan uşaq yazarı Canni Rodari (Gianni Rodari; 1920-1980) anadan olub. “Çipollinonun sərgüzəştləri” əsəri ilə məşhurlaşıb.

23 oktyabr 1844 – Alman rəssamı Vilhelm Leybl (Wilhelm Maria Hubertus Leibl; 1844-1900) anadan olub.

 

24 oktyabr 1882 – Macar bəstəkarı İmre Kalman (1882-1953) anadan olub. “Silva”, “Sirk şahzadəsi”, “Monmartrın bənövşəsi” operettalarının müəllifidir.

24 oktyabr 1911 – Məşhur rus aktyoru, rejissor, SSRİ Xalq artisti Arkadi İssakoviç Raykin (1911-1987) anadan olub.

Hazırladı:  Vüqar ORXAN