Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. 880 illik yubileyini qeyd etdiyimiz dahi şair və mütəfəkkirin əsərləri, ideyaları hələ əsrlər öncədən dünyaya yayılıb və insanlığın diqqətini cəlb edib. Nizaminin ədəbi ənənələrinin əhatəsi elə geniş olub ki, təkcə vətəni Azərbaycanda deyil, türk-islam aləmində də onun poeziya yolunun davamçıları yetişib.

Əsərləri onlarla dilə tərcümə edilən Nizaminin bənzərsiz yaradıcılığı insanlığı sülhə, bərabərliyə, birliyə çağırdığına görə o, bir dünya şairidir və bir sıra ölkələrdə əsərləri çap olunub, abidələri ucaldılıb, adı əbədiləşdirilib. Böyük mütəfəkkirin xarici ölkələrdəki heykəlləri təkcə Nizaminin yox, ümumilikdə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təbliğinə xidmət edir. Bu yazıda Nizaminin ölkəmizdən kənarda qoyulmuş heykəllərindən söz açacağıq.

Böyük söz ustadının ölkəmizdən kənarda bir neçə abidəsinin ucaldıldığı ölkə Rusiyadır. Bunlardan biri 30 il öncə – 1991-ci ildə paytaxt Moskvada ucaldılıb. Dahi şairin 850 illik yubileyi münasibətilə qoyulan abidənin heykəltəraşları T.Zeynalov və E.Zeynalov, memarları R.Əsgərov və P.Əliyevdir.

Şimal qonşumuzun ikinci böyük şəhəri Sankt-Peterburqda da Nizaminin heykəli qoyulub. 2002-ci il iyunun 9-da heykəlin təntənəli açılış mərasimi keçirilib. Abidənin açılışında Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin iştirak ediblər. Şəhərin Kamennoostrovski prospektində qoyulan heykəl Bakıda hazırlanıb və Sankt-Peterburqun 300 illiyinə Azərbaycanın hədiyyəsi kimi göndərilib. Abidənin müəllifi tanınmış heykəltəraş, Əməkdar rəssam Görüş Babayev, postament layihəsinin müəllifi isə Rusiyanın Əməkdar rəssamı Feliks Romanovskidir.

Tuncdan tökülmüş heykəlin hündürlüyü 5 metrdir, abidə kompleksinin ümumi hündürlüyü 7 metrə çatır. Öz məşhur “Xəmsə”si ilə adını dünya poeziyasının dahi nümayəndələri sırasına yazdıran Nizami bu abidədə şair-filosof obrazında təsvir olunub. Nizaminin tağlı formanın önündə başı buludlara “söykənən” fiqurunun bu ucalığı da rəmzi məna daşımaqla dünya poeziya zirvəsini fəth etmiş şair dühasının əlçatmazlığına bədii işarədir.

Rusiya Federasiyasında dahi şairə daha bir abidə Çuvaşıstan Respublikasının paytaxtı Çeboksarı şəhərində ucaldılıb. Açılışı 2004-cü il fevralın 24-də gerçəkləşən heykəlin müəllifi Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.

 

Daşkənd

 

Nizami Gəncəvi irsi özbək klassik ədəbiyyatına da mühüm təsir göstərib. Şairin bədii irsindən təsirlənərək özbək ədibləri maraqlı əsərlər yaradıblar. Nizami Gəncəvi dühasına, keçmişdə olduğu kimi,  bu gün də Özbəkistanda böyük sevgi və ehtiram var. Bu ehtiramın ifadəsidir ki, dahi şairə qoyulan abidələrdən biri də paytaxt Daşkənddədir. 2004-cü il martın 23-də Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və İslam Kərimovun iştirakı ilə Nizaminin büstünün açılışı olub. Abidə söz ustadının adını daşıyan Daşkənd Dövlət Pedaqoji Universitetinin qarşısındakı meydanda yerləşir. Dahi şairin büstü tanınmış özbək heykəltəraşı İlham Cabbarov tərəfindən hazırlanıb.

 

Kişineu

 

Nizami ideyaları əsrlər öncədən avropalılara da məlum idi. Təsadüfi deyil ki, böyük alman mütəfəkkir ədibi İ.V.Höte Nizami Gəncəvini “bütün zamanların və xalqların şairi” kimi dəyərləndirmişdi. Daha bir tanınmış alman şairi H.Heyne isə “Almaniyanın öz böyük şairləri var... Ancaq onlar Nizami ilə müqayisədə kimdirlər ki?” – deyə yazaraq söz ustadının dünya ədəbiyyatındakı yerini vurğulamışdı.

Böyük şərqli şairin Avropada da abidələri qoyulub. Nizami abidəsinə ev sahibliyi edən şəhərlərdən biri də Moldovanın paytaxtı Kişineudur. 2005-ci ildə bu şəhərdə mütəfəkkir şairin büstünün təntənəli açılışı olub. Mərasimdə Prezident İlham Əliyev və Moldovanın dövlət başçısı Vladimir Voronin iştirak ediblər. Abidənin qoyulması ideyası isə Vüqar Novruzovun rəhbərlik etdiyi Moldova Azərbaycanlıları Konqresinə məxsusdur. Abidənin müəllifi Xalq rəssamı Akif Əsgərovdur, postamenti Moldovanın Əməkdar memarı Semyon Şoyxet hazırlayıb.

 

Roma

 

2012-ci il aprelin 20-də İtaliyanın paytaxtı Roma şəhərindəki Villa Borgeze bağında Nizami Gəncəvinin abidəsi qoyulub. Abidənin üzərində italyanca “Azərbaycan şairi Nizami Gəncəvi 1141-1209” sözləri yazılıb.

Abidə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli “Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi haqqında” sərəncamına əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılıb. Açılış mərasimində Birinci vitse-prezident Mehriban Əliyeva, Roma Şəhər Şurası Beynəlxalq şöbəsinin rəhbəri Serena Forni, Azərbaycanın İtaliyadakı Səfirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Nizaminin 870 illiyi ilə bağlı elan edilmiş müsabiqənin nəticəsinə görə Xalq rəssamı Səlhab Məmmədov və heykəltəraş Əli İbadullayevin layihəsi qalib gəlir. Layihə Roma şəhərinin tarix və incəsənət üzrə komissiyası tərəfindən təsdiqlənir. Bu vaxt belə şərt irəli sürülür ki, heykəlin yaradılmasında yalnız yerli materiallardan – travertin və mərmərdən, eləcə də müəyyən çalarlı bürüncdən istifadə olunmalıdır. Sənətkarlar zəruri materialların axtarışında şəxsən iştirak ediblər. Heykəlin yaradılması ilə bağlı hazırlıq işləri, təbii ölçüdə gips modelin və altlığın hazırlanması Bakıda həyata keçirilib.

 

Pekin

 

Nizami Gəncəvi ünvanlı abidənin qərar tutduğu şəhərlərdən biri də Pekindir. 2012-ci il dekabrın 6-da Çin Xalq Respublikasının paytaxtında sakinlərin və qonaqların daha çox ziyarət etdikləri Çaoyan parkında qoyulan büst dahi şairin irsinin bu ölkədə tanıdılmasında müstəsna rol oynayır.

Tuncdan qoyulmuş büstün müəllifi müxtəlif xalqların dahilərinin abidələrini hazırlamaqla məşhurlaşan heykəltəraş-rəssam, Pekindəki Cintay İncəsənət Mərkəzinin direktoru, professor Yüen Sikundur. Heykəltəraş Nizaminin büstünü hazırlayarkən şairin daxili aləmini təqdim etmək üçün onun əsərlərini mütaliə edib. Heykəl haqqında danışarkən müəllif qeyd edib ki, Nizami Gəncəvinin tərənnüm etdiyi ideyalar təkcə öz xalqına ünvanlanmayıb. Nizami öz əsərləri ilə bütün dünya xalqlarını ədalətə, humanizmə, saf sevgiyə çağırıb. Məhz ona görədir ki, Şərq poeziyasının görkəmli nümayəndəsi olan Nizamini bütün dünyada tanıyır, əsərlərini oxuyurlar, zəngin irsini araşdırırlar. Bu parkı ziyarət edənlər dünya ədəbi irsində Nizami Gəncəvi kimi bir dahinin olması barədə məlumat əldə edə bilərlər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Yüen Sikun “Dostluq” ordeni ilə təltif olunub.

 

Xarkov

 

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda da Nizami Gəncəvinin abidəsi ucaldılıb. Abidə “Nizami Gəncəvi İli”ndə Azərbaycanın Ukraynadakı Səfirliyi, Xarkovdakı Fəxri Konsulluğumuz və Xarkov Şəhər Şurasının birgə dəstəyi ilə qoyulub.

Heykəlin müəllifi həmvətənimiz, Ukraynanın Xalq rəssamı Katib Məmmədovdur. Abidə şəhərin mərkəzi hissəsində, Feyerbax meydanında qoyulub.

2021-ci il sentyabrın 15-də keçirilən açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Ukraynadakı səfirimiz Elmira Axundova və Xarkov Şəhər Şurasının katibi İqor Terexov və digər rəsmilər, deputatlar, Azərbaycan diasporunun təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycanın dahi şairinin Ukraynada daha bir abidəsi olacaq. Abidə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə paytaxt Kiyevdə – Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında qoyulacaq. Bununla bağlı ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova və Kiyev Milli Universitetinin rektoru Vladimir Buqrov arasında bu ilin iyununda memorandum imzalanıb. Bu heykəlin də müəllifi Katib Məmmədovdur.

***

Dünyadakı Nizami abidələri bunlarla bitmir. Lüksemburq, Təbriz, Dərbənd və s. şəhərlərdə, habelə Misirin məşhur İsgəndəriyyə kitabxanasında və digər qurum və mərkəzlərdə qüdrətli söz ustadının büst və heykəlləri var.

Dilindən, dinindən və milliyyətindən asılı olmayaraq bütün insanlığa xitab edən Nizami Gəncəviyə hələ neçə-neçə ölkədə və şəhərdə abidələr ucaldılacaq. Çünki Nizaminin toxunduğu mövzular bəşəriyyət üçün bütün dövrlərdə öz aktuallığını itirməyəcək.

Nurəddin MƏMMƏDLİ