“Üçüncü günün adamı” filmi nümayiş olunub

 

Azərbaycanın Vətən müharibəsi şəhidlərinin xatirəsinin anılması ilə əlaqədar İtaliyada keçirilən silsilə tədbirlər çərçivəsində ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Əməkdaşlarının həyat yoldaşları Assosiasiyası (ACDMAE) tərəfindən təşkil olunan festivalda “Üçüncü günün adamı” tammetrajlı bədii filmi nümayiş etdirilib.

Filmin nümayişindən əvvəl çıxış edən assosiasiyanın prezidenti Milena Guarino Padula və ACDMAE Film Festivalının təsisçisi Puççi Rastrelli 2017-ci ildə “Əli və Nino” filminin nümayişi ilə bu festivalın əsasının qoyulduğunu, həmin filmin izləyicilərdə Azərbaycanın tarixi və mədəniyyətinə böyük maraq oyatdığını bildiriblər.

Ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə tədbirin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi və ərazi bütövlüyümüzün bərpası ilə başa çatan Vətən müharibəsinin ildönümü  münasibətilə təşkil edildiyini vurğulayıb. Diplomat bildirib ki, nümayiş olunacaq filmdə də otuz ilə yaxın Vətən həsrəti ilə yaşamış azərbaycanlıların keçirdiyi iztirabın, hər an öz doğma torpaqlarına qayıtmaq istəyinin gücünü hiss etmək mümkündür.

Sonra “Üçüncü günün adamı” bədii filmi (quruluşçu rejissor Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operator Rafiq Quliyev) nümayiş olunub. Ekran əsəri 2017-ci ildə “Azərbaycanfilm”də istehsal olunub.

Uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu isə işğal edilmişdi. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət, öz arzusuna çatır – ata-anasının qəbirlərini ziyarət edə bilir...