Xəbər verdiyimiz kimi, "Nizami Gəncəvi İli" çərçivəsində 27-29 oktyabr tarixlərində keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları tədbirin son günü Füzuli və Şuşaya,  daha sonra Gəncə şəhərinə səfər ediblər.

İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İCYF) təşkilatçılığı ilə gerçəkləşən və dahi Azərbaycan şairinin 880 illiyinə həsr edilən sammitə 20-dən çox ölkədən 120-dək nümayəndə qatılıb.

Dahi şairin yurduna gələn qonaqlar öncə Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Sonra onlar F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasına gələrək burada “Nizami irsi incəsənətdə” adlı musiqili-ədəbi tədbirdə iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncə şəhərindəki baş .konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və digər rəsmilər iştirak ediblər.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri (bədii rəhbər və dirijor Əməkdar artist Elçin Elçiyev) və Kamera orkestri (bədii rəhbər və dirijor Xalq artisti Rafael Bayramov) maraqlı musiqi proqramı təqdim edib.

Musiqi proqramında Nizami Gəncəvinin sözlərinə yazılmış “Sənsiz”, “Sevgili canan” (Üzeyir Hacıbəyli), “Gülüm” (Fikrət Əmirov) və s. mahnı və romanslarla bərabər, Niyazi, Tofiq Quliyev, Telman Hacıyev, Müslüm Maqomayev, Rauf Hacıyev və Aqşin Əlizadənin əsərləri, xalq mahnıları, eləcə də “İgidlər”, “Sarı gəlin” rəqsləri (bədii rəhbər –filarmoniyanın baletmeysteri Sənan Cavadov) ifa olunub.

Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Zeynəb Hüseynova, Vasif Bayramov, Rüstəm Cəfərov, Fəridə Mustafayeva, Elnur Pişnamazzadə çıxış ediblər.

Proqram M.Maqomayevin “Azərbaycan” mahnısı ilə sona çatıb. Konsertdə Türkiyənin milli bayramı, 29 oktyabr – Cümhuriyyət Günü münasibətilə təbrik səsləndirilib. Səhnəyə Azərbaycan və Türkiyənin Dövlət bayraqları gətirilib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov,  Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk səhnəyə dəvət edilib.

Elnur Əliyev sammit iştirakçılarının Gəncə şəhərində səmimi qarşılanması və mədəni proqramın təşkilinə görə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun adından minnətdarlığını bildirib. Nazir müavini konsertin iştirakçılarına, Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Filarmoniyasının rəhbərliyinə təşəkkür edib.