Bakı Xoreoqrafiya Akademiyası (BXA) orta ixtisas təhsil pilləsinin (kollec) təşkilatçılığı ilə “Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib. Tədbirdə BXA-nın Vətən müharibəsi iştirakçısı olmuş məzunları, şəhid Milli Qəhrəman İlqar Mirzəyevin, Vətən müharibəsi şəhidləri Muxtar Qasımlının və Teymur Abbasovun ailə üzvləri iştirak ediblər.
BXA kollecinin direktoru Tahir Eynullayev tədbiri açaraq 44 günlük Vətən müharibəsində xalqımızın və Ordumuzun Ali Baş Komandanın rəhbərliyi altında birləşərək qazandığı Qələbənin tariximizin əbədi fəxarət duyulacaq səhifəsi olduğunu vurğulayıb.
Tədbirdə BXA-nın tələbə və müəllimlərinin ifasında müxtəlif musiqi nömrələri nümayiş etdirilib.
Sonra Vətən müharibəsi şəhidlərinə həsr olunmuş esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqədə I yerə Zərifə İbrahimli, II yerə Səməd Eyvazlı, III yerə Rəfail Nurəddinli layiq görülüb.
Mərasimdə həmçinin Vətən müharibəsinin iştirakçısı olmuş BXA məzunları Musa Musayev, Orxan Nağıyev, Valeh Mirzəzadə və Sənan Osmanlı akademiya tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.
Sonda Milli Qəhrəman İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva, şəhid Muxtar Qasımlının atası Əli Qasımlı, şəhid Teymur Abbasovun həyat yoldaşı Sonaxanım Abbasova çıxış edərək doğmalarının Vətən uğrunda şəhidlik zirvəsinə ucalmalarından qürur hissi duyduqlarını bildiriblər. Onlar şəhidlərə göstərilən diqqətə görə BXA kollektivinə təşəkkürlərini bildiriblər.
Tədbirdə həmçinin tələbə və şagirdlərin əl işlərindən ibarət sərgi və Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.