Turizm İnstitutunda «Təlimçilər üçün təlim» adlı kurs başlayacaq

    Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) təklifi əsasında Azərbaycan Turizm İnstitutu, Gürcüstan Bələdçilər Assosiasiyası və Beynəlxalq Bələdçi Assosiasiyaları Federasiyası Bakıda bu ilin iyununda bələdçilər üçün «Təlimçilər üçün təlim» adlı kurs keçirməyi planlaşdırır.
   Bu barədə qəzetimizə məlumat verən Turizm İnstitutunun prorektoru Eldar Aslanov bildirdi ki, Azərbaycan və Gürcüstandan ümumilikdə 10-12 nəfərlik bələdçi qrupuna təlim kursu keçiriləcək: «Bu, beynəlxalq xarakterli bir kurs olacaq. Kursu bitirənlərə Beynəlxalq Bələdçi Assosiasiyaları Federasiyasının sertifikatı veriləcək. Hazırda kursların təşkili ilə bağlı hazırlıq işi gedir. Bu işdə Almaniyanın Texniki Əməkdaşlıq Təşkilatı ATİ-yə yaxından köməklik edir».
   E.Aslanovun sözlərinə görə, kurslar 2 həftə davam edəcək. Kursu bitirənlər Azərbaycan tarixində ilk dəfə beynəlxalq sertifikata malik bələdçilər olacaqlar.
   Həmsöhbətim Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və ATİ-nin təşkilatçılığı ilə bu ilin fevralında başlayan bələdçi kurslarının gedişi ilə bağlı da məlumat verdi. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının 2011-ci il 31 yanvar tarixli qərarı ilə bələdçilərin və tərcüməçi-gidlərin attestasiyadan keçirilməsi ilə bağlı qaydalar təsdiq olunub. Qaydalara əsasən, attestasiya komissiyasının üzvləri təsdiq olunub. Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, dekan Nəsir Nəsirli, turizmin təşkili və texnologiyası kafedrasının müdiri Bahadur Bilalov, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktor müavini Asya Şirəliyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Turizm Şurasının sədr müavini Sabir Rəhimov, baş mütəxəssisi Əlixan Mürvətov, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin Mədəni irsin tədqiqi və beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Quliyev attestasiya komissiyasına daxildir.
   Təsdiq edilmiş qaydalara əsasən, attestasiya iki istiqamətdə keçiriləcək. Birinci mərhələdə bələdçi kurslarını bitirənlər attestasiyadan keçiriləcək və onlara 5 illik bələdçi kartları və şəhadətnamələr veriləcək. İkinci mərhələdə isə mövcud turizm bazarında bələdçi kimi fəaliyyət göstərən şəxslər attestasiyadan keçəcək. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi ölkə ərazisində fəaliyyət göstərən turizm şirkətlərinə onlarla əməkdaşlıq edən və şirkətlərində çalışan bələdçilərin attestasiyadan keçməsini tövsiyə edib.
   Prorektor bələdçi kurslarının mayın sonunda başa çatacağını dedi. Kurs iştirakçıları müxtəlif marşrutlar üzrə təşkil ediləcək turlarda bələdçi kimi təqdimatla çıxış edəcəklər. Turlarda ATİ-nin müəllim və tələbələrinin, eyni zamanda KİV təmsilçilərinin də iştirakı nəzərdə tutulur. Kurs iştirakçıları bələdçi turlarını ixtisaslarına uyğun xarici dildə təqdim edəcəklər. Ümumilikdə isə 21 nəfər kurs iştirakçısının attestasiyadan keçirilməsi nəzərdə tutulur.

    Fəxriyyə Abdullayeva