Cəfər Cəfərov,
   Azərbaycan Turizm İnstitutunun rektoru, professor
   
   Müasir dünya iqtisadiyyatında ən mühüm yer tutan sahələrdən biri turizmdir. Hesablamalara görə, dünya üzrə xidmətlər bazarının üçdə birini, istehlak xərclərinin 10 faizdən çoxunu, məşğul əhalinin 10 faizə qədərini (təqribən 250 milyon nəfər) turizm sənayesi əhatə edir. Bunun nəticəsidir ki, artıq turizm sənayesi hətta neft hasilatı və avtomobilqayırma sənayesi ilə də rəqabətə girib. Nədir turizm? Turizm dedikdə insanlarının təsəvvüründə səmərəli keçirilən asudə vaxt, fəal istirahət növü canlanır. Müasir dünyada səyahət etmək, ölkələr və mədəniyyətlərlə tanış olmaq, tarixi abidələri, adət və ənənələri canlı seyr etmək insanların mənəvi tələbatına çevrilib. 
   
   Hazırda dünya bazarında bir sıra sahələrdə rəqabət aparmaq çox çətindir. Turizm sahəsində Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin mədəniyyətimiz, çoxəsrlik tariximiz turizm məhsulu yaratmaq üçün mühüm bazadır. Bu bazanı bir məhsul kimi formalaşdırıb ortaya qoymaq və onu fəaliyyət sahəsinə çevirmək isə artıq peşəkarlardan asılıdır.
   
   Bu il Azərbaycanın turizm sektoruna nə vəd edir?
   
   Son illər Azərbaycanda turizmin dövlət səviyyəsində dəstəklənməsi və təşviqi üçün böyük işlər görülüb. “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın imzalanması ilə inkişafın yeni konturları müəyyən edildi. 2011-ci ilin “Turizm ili” elan edilməsi bir daha sübut etdi ki, Azərbaycanda turizmin inkişafı birbaşa ölkə rəhbərliyi tərəfindən dəstəklənir. Bununla digər dövlət qurumlarının və ictimaiyyətin də diqqəti bu sahəyə yönəldi. Bu baxımdan “Turizm ili” ölkəmizdə bu sahənin inkişafı üçün geniş zəmin yaradır. Turizm sənayesində çalışan insanlar bir çox layihə və təşəbbüslərin həyata keçirilməsi üçün indi daha çox işlər görmək imkanı əldə ediblər.
   “Turizm ili” ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə bu sahədə çalışan qurumların, şirkətlərin rəhbərləri ilə çox işgüzar şəraitdə görüş keçirildi, bu il ərzində yerinə yetiriləcək işlərin konturları müəyyən edildi. Hesab edirəm ki, görülən tədbirlər nəticəsində ölkə turizminin davamlı inkişafının təməli qoyulacaq. Ümumilikdə isə Azərbaycan turizmi elə inkişaf tempi götürüb ki, yaxın 10 il ərzində nəinki Bakı şəhəri turizm şəhəri kimi, eləcə də ölkəmiz turizm ölkəsi kimi formalaşacaq və dünya turizm bazarında özünə layiqli yer tutacaq.
   Turizm bazarının inkişafı üçün mövcud potensialdan maksimum yararlanmaqla yeni-yeni turizm məhsulları bazara çıxarılmalıdır. Rəsmi statistikaya görə, ölkədə 211 turizm firması fəaliyyət göstərir. Amma bazara təqdim olunan turizm məhsulları nisbətən yekcinsdir. Sadəcə olaraq, bir az kreativ düşünmək, fantaziyanı işə salmaqla bizə adi görünən hər hansı bir obyekti turizm məhsuluna çevirmək olar. Potensial çox olsa da, hələlik onun az qismindən turizm məqsədi üçün istifadə edilir. Əsas vəzifə yeni və maraqlı turizm məhsulu yaratmaqla daxili turizmi inkişaf etdirmək olmalıdır. Daxili turizm inkişaf etdikcə, gəlmə turizmin inkişafı da avtomatik təmin olunacaq.
   “Turizm ili” rayonlarda turizmin inkişafına təkan olacaq. Məlumdur ki, turizm özü bir iqtisadi fəaliyyət növüdür. Əgər biz yaşadığımız ərazini, rayonu, kəndi səliqəli-sahmanlı saxlayırıqsa, təbii ki, bura gəlmək istəyənlərin sayı da çoxalacaq. Bu, artıq turizmin iqtisadi əhəmiyyəti kimi qəbul olunmuş bir məsələdir.
   Bu il ərzində ayrı-ayrı məsələlərlə bağlı müəyyən işlər görülə bilər. Qanunvericilik sahəsində işlər də bunun bir hissəsini təşkil edə bilər. Viza rejiminin sadələşdirilməsi ilə qanunvericiliyə dəyişikliklər edilib. Bu xüsusda qonşu Rusiya, İran, Türkiyə, Orta Asiya respublikalarından 1 aylıq vizasız gəlişlərin təmin edilməsi mümkündür. Bu qayda turizmin inkişafı üçün başqa ölkələrdə geniş tətbiq olunur. ”Turizm haqqında” yeni çərçivə qanununun qəbul edilməsi mümkündür. Turizmin təşviq olunması, kənd yaşıl turizmi, peşə standartları haqqında qanunlar qəbul oluna bilər.
   
   “Turizm ili” ATİ-nin üzərinə böyük məsuliyyət qoyur
   
   Turizmdə ali peşə təhsilinin əsas vəzifəsi də sadəcə turizm sənayesində çalışan mütəxəssis hazırlığı deyil, eyni zamanda əldə etdiyi bilgiləri bazar iqtisadiyyatı şəraitində tətbiq edə bilən və fəaliyyət göstərən kadrları formalaşdırmaqdan ibarətdir. Əmək bazarında insanın rəqabətə davamlığı onun peşəkar keyfiyyətləri və istifadə etdiyi resursların nisbəti ilə müəyyən edilir. Mütəxəssisin keyfiyyəti onun xüsusiyyətləri ilə, sosial-iqtisadi sistemin mövcud və ola biləcək tələbatını ödəyə bilmək qabiliyyəti ilə əlaqədardır. Rəqabətin qaydaları bazarın tələblərinə yüksək dərəcədə uyğunlaşmağı və insanın fəaliyyəti dövründə fasiləsiz təkmilləşməsini tələb edir. Ali məktəblər məhz bu tip mütəxəssislər yetişdirməlidir. Bunun üçün isə yüksək keyfiyyətli təhsil prosesi təşkil edilməlidir. Bu səbəbdən də bizim üzərimizə çox böyük məsuliyyət düşür.
   Kadr hazırlığı və ixtisasartırma sahəsində görüləcək işlər birbaşa Azərbaycan Turizm İnstitutuna aid olduğundan “Turizm ili” ilə bağlı yeni tədbirlər planı hazırladıq. Yeni planda bir sıra məsələlərin həll edilməsi nəzərdə tutulur. O cümlədən “Azərbaycan turizmi: bu gün və sabah” adlı respublika tələbə konfransının keçirilməsi, turizm sahəsində tədrisin elmi-metodiki təminatının gücləndirilməsi üçün ixtisaslar üzrə dərslik və dərs vəsaitlərinin alınması, ölkənin turizm potensialının xarici ölkələrdə təbliği məqsədilə Azərbaycanın diplomatik missiyalarının əməkdaşları üçün müvafiq təlim-seminarların təşkili bu sıraya daxildir. ATİ tələbələri üçün əmək yarmarkasının təşkili, turizm peşə təhsili üzrə ixtisas standartlarının hazırlanması və təsdiqi, 27 sentyabr - Dünya Turizm Gününün qeyd edilməsi, turizm üzrə mütəxəssis hazırlayan ali, orta ixtisas və texniki peşə təhsili müəssisələrinin iştirakı ilə “Azərbaycanda turizm təhsili: uğurlar və problemlər” adlı konfansın təşkili, “Turizm və rekreasiya: problemlər və perspektivlər” adlı IV Beynəlxalq elmi konfransın, sanatoriya-kurort müəssisələrinin gücləndirilməsi üçün “Azərbaycanda sağlamlıq turizmi: mövcud vəziyyət və inkişaf istiqamətləri” adlı konfransın təşkili də görüləcək işlər sırasındadır.
   Bundan əlavə, turizm xidməti sahəsində çalışan şəxslər üçün xüsusi kurslar, seminarlar və digər ixtisaslaşma və ixtisasartırma tədbirlərinin həyata keçirilməsi, Azərbaycanda əsas turizm marşrutların öyrənilməsi, turizm potensiallı iqtisadi-coğrafi rayonlarda turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi və təşviqi üçün respublikamızın turizm zonalarının investisiya xəritələrinin hazırlanması və müxtəlif dillərdə çap edilməsini planlaşdırırıq. Turizm təhsili sahəsində qabaqcıl xarici təcrübənin öyrənilməsi və ATİ-də tətbiq olunması, «Turizm ili» ilə bağlı məqalə müsabiqəsinin elan edilməsi, qısamüddətli turizm kurslarının (bələdçi, ön büro/qeydiyyat, restoran/bar xidmətləri, turoperator/tur agent fəaliyyəti və s.) təşkili, regionlarda turizmlə əlaqədar səyyar kursların təşkili kimi məsələlər də ATİ-nin tədbirlər planına daxildir.
   Düşünürəm ki, nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi həm turizmin inkişafına, həm də turizm sənayesi üçün kadr hazırlığı işinə ciddi təkan verəcək.   

    “AİTF-2011” bu sahənin inkişaf güzgüsüdür
   
   Azərbaycan Turizm İnstitutu aprelin 28-də Bakıda açılacaq “AİTF-2011” Beynəlxalq turizm və səyahətlər və II Daxili turizm sərgilərində də yaxından iştirak edəcək. Sərgidə institutumuz Mədəniyyət və Turizm Nazirliyinin stendində təmsil olunacaq.
   Ümumiyyətlə, sərgilər müasir turizm sənayesində xüsusi yer tutur. Onlar turizm müəssisələrinə nisbətən az məsrəflə iqtisadi, texniki və kommersiya informasiyası əldə etmək və yaymaq imkanları verir. Sərgilər bir növ sahənin inkişaf güzgüsü, informasiya birjası, qiymət termometri, konyuktur dəyişikliklərin proqnozlaşdırma vasitəsidir. Sərgi və yarmarkalarda iştirak turizm müəssisələrinin marketinq əlaqələrinin formalaşmasına səmərəli təsir göstərir. Sərgi və yarmarkalarda iştirak əlaqələrin müstəqil istiqamətinə çevrilməklə təbliğat, fərdi satış, satışın stimullaşdırılması, reklam kimi marketinq kompleksinin əsas elementlərini təşkil edir. Turizm müəssisələri üçün sərgilərin təşkilini bir növ meteoroloji barometrin funksiyası ilə müqayisə etmək olar. Təkcə barometrin olması havanı ölçmək üçün kifayət deyil, lakin barometrsiz hava proqnozunu vermək olmaz.
   Sərgilərin köməyi ilə də turizm müəssisəsinin bütün problemlərini həll etmək mümkün deyil, lakin onlar marketinq əlaqələrinin əvəzedilməz vasitələri olduğundan müəssisələr onlara əhəmiyyət verməyə bilməz. Sərginin stendi - müəssisənin simasıdır. Buna görə də turizm firmasının sərgidə qazandığı uğur bilavasitə stendin yaxşı və uğurlu tərtibatından asılıdır. Amma bəzən turizm firmasının rəhbəri qəzet və jurnallarda verilən elanlara məsuliyyətlə yanaşsa da, müəssisənin sərgidəki stendinin necə görünməsi ilə maraqlanmır. Halbuki potensial müştəri üçün firmanın stendini görmək mühüm hadisə ola bilər. Bu baxımdan 2002-ci ildən ölkəmizdə ənənəvi olaraq keçirilən və bu il 10 illiyini qeyd edəcəyimiz “AİTF” beynəlxalq turizm sərgisi, eləcə də ikinci dəfə gerçəkləşəcək ümumrespublika daxili turizm sərgisi ölkə turizmi üçün xüsusi əhəmiyyət kəsb edir.