Vaşinqtonda ADA Universitetinin ABŞ-dakı Mərkəzinin və Azərbaycan-Amerika Musiqi Fondunun birgə təşkilatçılığı ilə “Vilyam Konnover, Vaqif Mustafazadə, Frederik Star. Caz, azadlıq və müstəqillik” mövzusunda tədbir təşkil olunub.
Tədbir çərçivəsində ADA-nın ABŞ-dakı Mərkəzində “Vilyam Konnover və Vaqif Mustafazadə caz saatı” mövzusunda fotosərginin açılışı olub. Sonra tarixi “Whittemore House”da ziyafət və konfrans keçirilib. Burada ADA Universitetinin əməkdaşlıq etdiyi universitetlərin dekanları, professor və müəllimləri, dövlət və ictimai xadimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd Azərbaycanda cazın tarixindən bəhs edib, caz musiqisinin xalqlar arasında körpü qurduğunu nəzərə çatdırıb. O, cazın Azərbaycandakı tolerant fikir tərzinin simvollarından biri olduğunu vurğulayıb.
Tədbirdə Vaqif Mustafazadənin yaradıcılığına nəzər salınıb, “Amerikanın səsi” radiosunda caz verilişlərinin aparıcısı Vilyam Konnoverin onun barəsində təşkil etdiyi verilişlərdən fikirlər səsləndirilib.
Sonra ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Azərbaycanın müstəqillik illərində keçdiyi yoldan və qazandığı nailiyyətlərdən bəhs edib.
Rektor Hafiz Paşayev Azərbaycanın müstəqilliyinin dəstəkçisi, Vaşinqtondakı Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starın Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edildiyini diqqətə çatdıraraq ordeni ona təqdim edib.
Azərbaycanla ABŞ arasında çoxşaxəli əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə ordenlə təltif edilən Frederik Star Prezident İlham Əliyevə minnətdarlığını bildirib, ölkəmizin bölgədəki geostrateji əhəmiyyətindən danışıb.
Tədbirdə eyni zamanda Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya üzrə sabiq direktoru Deyvid Merkel, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, Şimali Texas Universitetinin tədqiqatçısı Maristella Fyustl və Azərbaycan-Amerika Musiqi Fondunun icraçı direktoru Cəmilə Spitzberq çıxış ediblər.
Tədbir məşhur azərbaycanlı caz pianoçusu və bəstəkar Əminə Fiqarovanın rəhbərlik etdiyi caz qrupunun ifasında konsertlə başa çatıb. Konsertdə ölməz sənətkar Vaqif Mustafazadənin və Qərb caz əfsanələrinin musiqi kompozisiyaları səsləndirilib.
Qeyd edək ki, “Vliyam Konnover və Vaqif Mustafazadə caz saatı” sərgisi gələn il fevralın 28-dək davam edəcək.