Sərgi çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin daha bir görüşü Azərbaycana infotura gəlmiş xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə olub. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Xarici turizm sektorunun müdiri Səbinə Zadayevanın bildirdiyinə görə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Almaniyanın aparıcı kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 18 nəfərlik heyət Azərbaycana gəlib: «Bu ilin Azərbaycanda “Turizm ili” elan olunması ölkəmizin turizm imkanlarının xaricdə təbliğinə əlavə imkanlar açır. Bu məqsədlə Almaniya, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirliklərindən aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri artıq ölkəmizə dəvət olunub. Aprelin 29-dan isə qonaqların ölkəmizin regionlarına bir həftəlik səfərləri başlayacaq. Onların Şamaxı, İsmayıllı, Lahıc, Qəbələ və Şəki şəhərlərinə gəzintisi nəzərdə tutulur. Səfər günləri çərçivəsində almaniyalı jurnalistlərin ölkəmizin qərb bölgəsinə də gedişi planlaşdırılıb. Onlar Azərbaycanın turizm potensialı ilə yaxından tanış olacaq və bu haqda hazırladıqları materialları mənsub olduqları ölkələrin televiziyalarında və qəzetlərində işıqlandıracaqlar».
   
   Fəxriyyə Abdullayeva