Noyabrın 15-də başlanan Nizami Gəncəvi Beynəlxalq Festivalı Bakıda və qüdrətli söz ustadının yurdu Gəncədə müxtəlif tədbirlərlə davam edir.

Festival çərçivəsində noyabrın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər Kamera Orkestrinin (Baku Chamber Orchestra) konserti keçirildi.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Səhnəyə çıxan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minəxanım Babayeva qonaqları salamladı. Bildirdi ki, Azərbaycan ədəbiyyatını müdrik fikirləri ilə zənginləşdirən, əsərləri ilə Şərq mədəniyyətinə böyük töhfələr verən Nizami Gəncəvi bəşəriyyətin bədii fikrinin formalaşmasında xüsusi yer tutan mütəfəkkirlərdəndir: “Nizami yaradıcılığının məna dərinliyi, obrazlarının əyaniliyi, yüksək mədəni keyfiyyətləri daim görkəmli bəstəkarlarımızın diqqətini cəlb edib. Bu gün Gənclər Kamera Orkestrinin ifasında səslənəcək əsərlər bizləri yenidən Nizami dünyasına aparacaq”.

Sonra söz musiqiyə verildi. Proqramda ilk olaraq orkestrin ifasında (dirijor – Əməkdar artist Fuad İbrahimov) Ü.Hacıbəylinin “Arazbarı” əsəri səsləndirildi.

Opera müğənnisi, Vətən müharibəsi iştirakçısı, Prezident mükafatçısı Atəş Qarayevin ifasında Üzeyir bəyin “Sevgili canan” əsəri böyük maraqla qarşılandı. Orkestr tərəfindən Ü.Hacıbəylinin “Sənsiz” (solist – beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə) və Fikrət Əmirovun “Nizami” simfoniyası (bədii qiraət – Xalq artisti Zəhra Quliyeva) gecəyə əlavə rəng qatdı.

Konsert proqramına Qara Qarayevin “Yeddi gözəl” baletindən valsla yekun vuruldu.

Qeyd edək ki, konserti dinləyənlər arasında Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, incəsənət xadimləri, digər qonaqlar var idi.

Xatırladaq ki, Gənclər Kamera Orkestri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində 2011-ci ildə yaradılıb. Orkestrin bədii rəhbəri BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, dirijoru Əməkdar artist Fuad İbrahimovdur.

NURƏDDİN