Gələcəkdə Azərbaycanda turizm sahəsində imtiyazlar tətbiq oluna bilər. Bu fikri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.
   Nazir qeyd edib ki, imtiyazlar praktikası dövlət iqtisadiyyatına müsbət nəticələr vermir: “Turizm sahəsində fəaliyyət rəqabət qaydaları çərçivəsində aparılmalıdır. Əgər imtiyazlar tətbiq edəsi olsaq, turizm sektorunda bir çox sənayelər var ki, onlara da güzəştlər verməli olacağıq. Amma ölkəyə turist axını 1-2 il müddətində artsa və hiss etsək ki, büdcəyə daxil olan vəsait olduqca böyükdür, bunun daha da artması üçün imtiyazlardan istifadə oluna bilər”.
   Nazir vurğulayıb ki, turizmin inkişafı dövlətin diqqət mərkəzindədir: “Azərbaycanda turizmin inkişafı üçün verilən kreditlər, ayrılan vəsait və bu kimi imkanlar onu göstərir ki, dövlətin turizm sahəsinə dəstəyi var. Turistlər üçün vizanın verilməsinin sadələşdirilməsi, digər görülən tədbirlər də bu sahənin inkişafına xidmət edir”.