10-cu Beynəlxalq turizm və səyahət sərgisi çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Turizm Təşkilatının nümayəndələri Dmitri İlyin və Alla Peresolova ilə görüşüb. Görüşdə Azərbaycanın Dünya Turizm Təşkilatı ilə mövcud əməkdaşlığı və gələcək inkişaf perspektivləri müzakirə edilib. 
   
   Söhbət əsnasında turizm statistikasının aparılması ilə bağlı məsələ də diqqətə alınıb. Statistikanın aparılması nəinki Azərbaycanda, eləcə də turizmin inkişaf etdiyi əksər ölkələrdə problemdir. Bu problem Dünya Turizm Təşkilatının da diqqətindədir. Görüşdə qeyd olunub ki, Azərbaycanın DTT ilə əməkdaşlığı çərçivəsində ölkəmizdə turizm sahəsi üzrə statistika seminarlarının keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu istiqamətdə ilk seminarlar aprelin 29-da və 30-da Bakı Sərgi Mərkəzində keçiriləcək. Növbəti treninq-kursların keçirilməsi isə bu ilin oktyabr ayına planlaşdırılır. Daha iki seminarın isə 2012-ci ildə keçirilməsi nəzərdə tutulur. Həmin seminarlarda Azərbaycanla yanaşı, müxtəlif xarici ölkələrin nümayəndələri də iştirak edəcək.
   Mədəniyyət və turizm nazirinin DTT nümayəndələri ilə görüşündə may ayında Las-Veqasda (ABŞ) keçiriləcək “Dünya turizm sammiti” barədə danışılıb. Sammit çərçivəsində mayın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Dünya Turizm Təşkilatının baş direktoru Taleb Rifai ilə görüşünün təşkili, həmçinin “İpək Yolu” proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.
   Sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev DTT-nin baş direktoru Taleb Rifaini bu ilin oktyabrında Azərbaycana səfərə dəvət edib.