10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər və 2-ci Ümumrespublika daxili turizm sərgiləri ölkəmizin bu sahədə geniş imkanlarını nümayiş etdirdi
   
   Xəbər verdiyimiz kimi, aprelin 28-30-da Bakı Sərgi Mərkəzində “AİTF -2011” 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər və 2-ci Ümumrespublika daxili turizm sərgiləri keçirildi. Aprelin 29-da prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərlə tanış oldular. Prezident və xanımı əvvəlcə ölkəmizin turizm potensialını əks etdirən sərgiyə baş çəkdilər.
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verdi ki, 2-ci Ümumrespublika daxili turizm sərgisində isə Azərbaycanın 15 rayonundan 83 turizm subyekti iştirak edir. Nazir bildirdi ki, sərgilərin ölkəmizdə “Turizm ili” kimi qeyd olunan 2011-ci ildə təşkil edilməsi əlamətdar hadisədir.
   Xaçmaz rayonu stendinin qarşısına gələn prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, bu rayonun geniş turizm imkanları var. Azərbaycanın ən tanınmış və sevilən istirahət zonalarından olan Xaçmaz həm dəniz, həm də meşə turizminin inkişafı baxımından çox əlverişlidir. Hazırda Xaçmazda 32 turizm obyekti lisenziya ilə fəaliyyət göstərir. Rayonda 2003-cü ildə mehmanxana və mehmanxana tipli bir obyekt var idisə, indi bu rəqəm 57-yə çatmışdır. Xaçmazda 62 tarixi abidənin olması rayonun turizm imkanlarını daha da artırır.
   Bu potensial özünü Quba-Qusar bölgəsində də göstərir. Həmin region həm qış, həm də yay turizmi üçün əlverişlidir. Gözəl təbiət bu bölgəni turistlər üçün ilin bütün fəsillərində cəlbedici edir. Bu rayonlarda turistlərin qəbulu üçün gözəl şərait yaradılmışdır. Səkkiz il əvvəl Qubada bir mehmanxana var idisə, hazırda onların sayı 29-dur. Bu, regiona gələn turistlərin istirahəti üçün geniş imkanlar açır.
   Azərbaycanın cənub bölgəsi də özünün turizm potensialı ilə diqqəti cəlb edir. Dövlət başçısının diqqətinə çatdırıldı ki, özünəməxsus təbiəti və geniş istirahət imkanları olan bu bölgədə son illər turizmin inkişafı ilə bağlı görülən işlər öz bəhrəsini verir. Bu sırada Masallı da xüsusi yer tutur. Azərbaycanın gözəl guşələrindən olan bu rayona istirahətə gələnlərin sayı ilbəil artır. Hazırda rayonda Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında 22 turizm obyekti fəaliyyət göstərir. Eyni şərait Lənkəranda da yaradılmışdır. Burada 9 turizm obyekti turistlərin ixtiyarına verilmişdir. Lənkəranda çoxlu tarixi abidələrin olması turistlərin bu bölgəyə olan marağını daha da artırmışdır.
   Dövlət başçısı və xanımı Lənkəranın “Nənələr” folklor ansamblının ifasını dinlədilər.
   Qeyd edildi ki, Lerik də cənub bölgəsində turizm imkanları geniş olan rayondur. 2003-cü ilədək burada heç bir turizm obyekti olmasa da, indi onların sayı səkkizə çatmışdır.
   Sərgidə İsmayıllı rayonunun turizm imkanlarının əks olunduğu stend də prezident İlham Əliyevdə və xanımı Mehriban Əliyevada maraq doğurdu. Bildirildi ki, rayonun dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Lahıc kəndi daim öz sənətkarları ilə məşhur olmuşdur. Hər il Lahıca 8-10 min turist gəlir ki, onların da 80 faizi əcnəbilərdir. Bu rayonda müxtəlif millətlərin nümayəndələrinin birgəyaşayışı qonaqlarda maraq doğurur.
   Azərbaycan prezidenti və xanımı “İvanovka” folklor qrupunun çıxışını izlədilər.
   Qax və Zaqatala rayonlarının turizm potensialını əks etdirən stendlər də diqqəti çəkdi. Burada əks olunan məlumatlardan da görünürdü ki, bölgənin turizm imkanları kifayət qədər inkişaf etmişdir. Hazırda Qaxda yeddi, Zaqatalada isə altı turizm obyekti fəaliyyət göstərir.
   Məlumat verildi ki, son illər Şəkidə də turizmin inkişafı üçün mühüm işlər görülmüşdür. Bunu rayona istirahətə gələnlərin sayında müşahidə olunan artımdan da görmək olur. Əgər 2004-cü ildə Şəkiyə 2800 turist gəlmişdisə, ötən il onların sayı 15 minə yaxınlaşmışdır.
   Qəbələ stendində rayonun səfalı yerləri ilə yanaşı, həm də müasir səviyyədə inşa edilən mehmanxana kompleksləri nümayiş olunur. Ötən il Qəbələyə 30 mindən çox turist gəlmişdir. Onlardan 4 mindən çoxu müxtəlif xarici ölkələrdən gələn qonaqlar olmuşdur. Turistlərin sayındakı artım, şübhəsiz ki, Qəbələdə yaradılan müasir turizm infrastrukturunun nəticəsidir.
   Azərbaycanın ən səfalı bölgələrindən olan Şamaxının da turizm imkanları bu sərgidə yüksək səviyyədə nümayiş etdirilmişdir. Stendlə tanış olan dövlətimizin başçısına və xanımına məlumat verildi ki, səfalı təbiəti ilə diqqəti çəkən Şamaxı rayonunda həm yay, həm də qış turizmi üçün geniş imkanlar vardır. Hazırda Şamaxıda 12 turizm obyekti fəaliyyət göstərir.
   Ölkəmizin həm qədim, həm də müasir şəhəri olan Gəncənin stendində isə sənətkarların əl işləri daha çox maraq doğururdu. Stenddə Gəncədə, Göygöldə, Daşkəsəndə və Hacıkənddəki istirahət mərkəzləri barədə geniş məlumatlar yer almışdır.
   Diqqətə çatdırıldı ki, Azərbaycanın ən qədim və gözəl guşələrindən olan Naxçıvan da sərgidə uğurla təmsil olunur. Naxçıvanın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri bölgənin turizm imkanlarının genişliyindən xəbər verir. Naxçıvandakı müalicəvi sular, “Duzdağ” Fizioterapiya Mərkəzi turistlərdə böyük maraq doğurur.
   * * *
   Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində xarici ölkələrin turizm şirkətlərinin pavilyonları ilə də tanış oldular. Qeyd olundu ki, “AİTF-2011” sərgisində 61 turizm istiqaməti təqdim edilməklə 24 ölkədən 230 şirkət təmsil olunur. Ötən illə müqayisədə builki sərgidə daha çox iştirakçının olması Bakıda keçirilən bu tədbirə beynəlxalq səviyyədə yaranan maraqdan xəbər verir.
   Türkiyə yubiley sərgisinə beş şirkətlə qatılmışdır. Türkiyə artıq ikinci dəfədir ki, bu sərginin əsas tərəfdaşı kimi çıxış edir. Misir, Gürcüstan, Rusiya Federasiyasının Dağıstan Respublikası, Çexiya, Yunanıstan və Hindistanın milli stendlərinin geniş yer aldığı sərgi qonaqları turizmin müxtəlif istiqamətləri ilə tanış etmişdir. Sərgidə Seyşel, Mavriki və Maldiv adaları öz turizm proqramlarını təqdim ediblər. Sanatoriyalar və kurortlar tərəfindən təqdim olunan müalicə turizmi ilə Azərbaycan, Rusiya, Ukrayna və Çexiyanın stendlərində tanış olmaq mümkündür. Qeyd olunub ki, sərgi Azərbaycan üçün ilk dəfə olaraq Laos, Kamboca, Macarıstan, Vyetnam, Myanma və Meksika kimi ölkələrə yeni istiqamətlər açacaq.
   Onu da qeyd edək ki, sərgini dolğun işgüzar proqram müşayiət edib. Mədəniyyət və Turizm Nazirliyi sərgiyə xarici ölkələrdən Səudiyyə Ərəbistanı Krallığı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya üçün informasiya turları təşkil etmişdir. Bununla yanaşı, turizm sahəsinin peşəkarları Dünya Turizm Təşkilatı və digər şirkətlər tərəfindən təşkil ediləcək seminarlar, təqdimat mərasimləri və təkmilləşdirmə kurslarında iştirak etmək imkanı qazanmışlar.
   Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Zirə adasında inşası nəzərdə tutulan “Azərbaycan mirvarisi” layihəsi ilə də tanış oldular.
   Daha sonra dövlət başçısı və xanımı Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələri ilə söhbət etdilər, onların təqdim etdiyi mətbəx nümunələrinə və əl işlərinə baxdılar. Kulinarlar Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdilər.