Aprelin 18-21-də Şimali Kiprin Doğu Akdeniz Universitetində “Turizm həftəsi” keçirilib. Azərbaycan Turizm İnstitutunun əməkdaşları Azər Nəsirov və Flora Ələsgərova tədbirdə iştirak ediblər. Onlar universitetdə təhsil alan azərbaycanlı tələbələr tərəfindən hazırlanan və ölkəmizin mədəniyyəti, turizmi, həmçinin Qarabağla bağlı məlumatları əks etdirən stendlə tanış olublar. Həftəlik çərçivəsində ATİ-nin əməkdaşları bir sıra görüşlər keçiriblər. Doğu Akdeniz Universitetinin rektoru professor Abdulla Y. Öztoprakla görüşdə ikitərəfli tələbə mübadiləsi və müəllimlər üçün seminarların təşkili məsələləri müzakirə edilib.
   ATİ əməkdaşlarının Şimali Kiprə daha bir səfəri aprelin 25-dən 29-dək bu ölkənin Mülki Müdafiə Təşkilatının dəvətinə əsasən baş tutub. İnstitutun “Ameast” dağçılıq klubunun üzvləri və rektorun köməkçisi V.Xəlilovdan ibarət nümayəndə heyəti Şimali Kiprdə II mülki müdafiə Beynəlxalq universitetlərarası axtarış-xilasetmə seminar-təlimində iştirak edib. Seminar-təlimə yerli universitetlərlə yanaşı, 13 xarici ölkədən 20 universitetin elm adamları və axtarma-xilasetmə klublarının üzvləri olan tələbələrdən ibarət 75 xarici iştirakçı qatılıb. Tədbirin sonunda ATİ-nin nümayəndə heyətinin üzvlərinə sertifikatlar təqdim olunub.
   
   Fəxriyyə Abdullayeva