Turizm İnstitutunda elmi-praktik konfrans keçirilib
   
   Aprelin 30-da Azərbaycan Turizm İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və “Turizm ili” ilə bağlı “Azərbaycan turizmi: bu gün və sabah” mövzusunda III respublika elmi-praktik konfransı keçirildi.
   
    Konfransın açılışında çıxış edən ATİ-nin rektoru Cəfər Cəfərov ölkədə turizmin inkişafı istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildirdi. 2011-ci ilin “Turizm ili” elan edilməsinin bu sahədə reallaşan tədbirlərin bariz nümunəsi olduğunu deyən rektor qeyd etdi ki, bu sektorun inkişafında ixtisaslı kadr potensialı da mühüm rol oynayır: “Turizm İnstitutunun məqsədi Azərbaycan turizm sənayesinin inkişaf etdirilməsi, qonaqpərvərlik, turizm, səyahət və istirahət sahəsində ixtisaslı kadrlara olan ehtiyacı ödəmək üçün mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsidir”. Rektor institutda tədrisin “Bolonya prosesi”nin tələbləri əsasında qurulduğunu, tələbələrin elmi araşdırmalara fəal cəlb edilməsi, turizm sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması barədə danışdı: “ATİ Avropa Kredit Transfer Sistemi və çoxballı qiymətləndirmə sistemini tam tətbiq edən yeganə dövlət ali məktəbidir. ATİ-də Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universiteti ilə akademik anlaşmaya əsasən AATP (Avstriya -Azərbaycan Turizm Proqramı) adlı beynəlxalq qrup təşkil edilib. Bu qrupda oxuyan tələbələr ATİ ilə yanaşı, Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universitetinin də diplomunu əldə etmək imkanı qazanırlar. İlk məzunlardan (74 nəfər) 14 nəfəri hər iki ali məktəbin diplomunu alıb. Hazırda proqramda 68 tələbə təhsil alır. Avropa İttifaqının Erasmus-Mundus xarici əməkdaşlıq proqramı çərçivəsində Yunanıstan, Fransa, Bolqarıstan, İtaliya, Litva, Portuqaliya, Niderland və s. ölkələrin universitetləri ilə əməkdaşlıq imkanları yaranıb. Xarici mübadilə imkanları çərçivəsində 2007-ci ildən bu yana ATİ-yə 47 müəllim və ekspert dəvət olunub. Almaniyanın Yade Universiteti, Şimali Kiprin Girnə Amerika və Doğu Akdeniz universitetləri ilə əməkdaşlıq qurulub. Turizm sahəsində təcrübə qazanmaları üçün tələbələrə mövcud imkanlar daxilində təcrübə proqramları təklif olunur. Onlar Türkiyə, İsrail, Yunanıstan, Şimali Kipr, Portuqaliya və s. ölkələrdə təcrübə mübadiləsində olublar. Bir neçə gün əvvəl institutun 16 tələbəsi 6 ay müddətində təcrübə keçmək məqsədilə İsrailə yola düşüb».
   C.Cəfərovun sözlərinə görə, “Turizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, ATİ tərəfindən çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulur. “Azərbaycan turizmi: bu gün və sabah” mövzusunda III respublika elm-praktik konfrans da bu tədbirlərdən biridir.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, bu gün dünya turizmi həyatın bütün sahələrinə təsir edə bilir və bu proses getdikcə güclənir: “Azərbaycanda da ölkə başçısı tərəfindən turizmə böyük diqqət və qayğı var. Turizmin inkişafı üçün bir sıra amillər var ki, bunlar infrastruktur, insan ehtiyatları, iqtisadi durumdur. Bu gün ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir, sabitlik var, infrastruktur yenilənir, regionlar dəyişir. Əgər 2001-ci ildə ölkədə 96 turizm obyekti fəaliyyət göstərirdisə, hazırda onların sayı 500-ə çatıb. Bu, həm yerli, həm də xarici investorların cəlb edilməsi ilə bağlıdır. Turizmin inkişafında peşəkar mütəxəssislər böyük rol oynayır. Əminəm ki, bu konfrans bakalavr pilləsində təhsil alan tələbələrin gələcəkdə turizmi ehtiva edən tədqiqatlar sahəsində uğurlu addımlar atmalarında sınaq mərhələsi olacaq”.
   Konfransda Turizm İnstitutu, Bakı Dövlət, Bakı Slavyan, Naxçıvan Dövlət universitetlərinin tələbələri turizm mövzusunda məruzələr etdilər. ATİ-nin Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri Bahadur Bilalov həmin məruzələrin xüsusi komissiyanın rəyi əsasında mükafatlandırılacağını bildirdi.
   
   Fəxriyyə Abdullayeva