Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya səfər edib. Fondun prezidenti bu ölkədə tatarların sıx məskunlaşdığı Polşanın Belostok şəhərində, eləcə də Sokoliki və Bohoniki bölgələrində olub.
Fonddan bildirilib ki, Günay Əfəndiyeva səfər çərçivəsində Polşanın Baş müftisi Tomasz Miskievicz, Belostok şəhərinin meri Tadeusz Truskolaski, Sokoliki yerli parlamentinin sədri Piotr Karol Bujvicki ilə görüşüb.
Görüşlərdə türk kökənli milli azlıqların – altı əsrdən çox Polşa ərazisində yaşayaraq öz milli mənsubiyyətlərini qoruyub saxlayan tatarların zəngin irsinin beynəlxalq aləmdə təbliği, onların mədəniyyətinin, tarixinin qorunması ilə bağlı məsələlər müzakirə edilib. Türk xalqlarının qədim mədəni dəyərlərinin mühafizəsinin və gələcək nəsillərə ötürülməsinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən olduğu diqqətə çatdırılıb.
Görüşlərdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova da iştirak edib.
Günay Əfəndiyeva Belostok şəhərində tatarlara məxsus olan məscid və qəbiristanlığı da ziyarət edib, Sokoliki bölgəsində tatarların regional muzeyi ilə tanış olub. Tatar icmasının nümayəndələri tərəfindən konsert proqramı təqdim edilib.