Kursun müdavimlərinə sertifikatlar verildi
   
   Mayın 16-da Azərbaycan Turizm İnstitutunun Təlim Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən “Hotellərdə ön büro və qeydiyyat” kursunun ilk müdavimlərinə sertifikatların verilməsi mərasimi keçirildi.
   
   Tədbiri giriş sözü ilə açan ATİ-nin rektoru, professor Cəfər Cəfərov 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunmasını ölkə rəhbərliyinin bu sahənin inkişafına xüsusi diqqətinin təzahürü kimi dəyərləndirdi. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının Azərbaycanın turizm sənayesinə verə biləcəyi töhfələrdən danışaraq qeyd etdi ki, ATİ-nin Avropanın nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələri və qarşılıqlı tələbə mübadiləsi bu baxımdan çox əhəmiyyətlidir: «Turizm İnstitutu yarandığı gündən bu sahənin müasir tələblərinə cavab verə biləcək peşəkar kadr hazırlığını hədəf seçib. Məqsədimiz budur ki, paytaxtla yanaşı, bölgələrdə də turizm müəssisələrində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə kömək edək. Bölgələrdə qısamüddətli təlim kurslarının təşkili də bu məqsədə xidmət edir”.
   Rektor qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının qərarlarına uyğun olaraq Turizm İnstitutunun Təlim Mərkəzi 2010-cu ilin sonundan müxtəlif istiqamətlərdə qısamüddətli sertifikat kursları təşkil etməyə başlayıb: «Kurslara həm orta, həm də ali təhsilli şəxslər müraciət edirlər. Bələdçi kursunda 16 dinləyicimiz var. Kurs bir aya yekunlaşacaq. «Millennium» turizm şirkəti ilə birgə təşkil etdiyimiz «Turagent-turoperator» kursunda 7 dinləyicimiz var. Bir həftədən sonra isə «Avropa» hoteli ilə birlikdə yemək, qida və işçi bölməsi üçün kursa başlamağı planlaşdırırıq».
   “Hotellərdə ön büro və qeydiyyat” kursunun təlimçisi Müzəffər Ağakərimov ATİ Təlim Mərkəzinin ilk müdavimlərini təbrik etdi və bu istiqamətli kursların təşkilinin vacibliyini bildirdi.
   Sonda rektor C.Cəfərov “Hotellərdə ön büro və qeydiyyat” kursunun ilk müdavimlərinə sertifikatlar təqdim etdi.
   Qeyd edək ki, “Hotellərdə ön büro və qeydiyyat” kurslarında 9 nəfər dinləyici iştirak edib. Onlar 82 saat nəzəri dərslərini ATİ-də, 46 saat praktiki məşğələlərini isə «Ambassador» və «Anatoli» hotellərində keçiblər. Burada onlar «Opera» proqramı əsasında ön büro işinin xüsusiyyətlərini öyrəniblər. Kursun məzunlardan 6-sı artıq özünə iş tapıb. 3 nəfərin koordinatları isə ehtiyacı olan hotellərə verilib. 
  

   Fəxriyyə Abdullayeva