Heydər Əliyev mədəniyyətimizin böyük dostu və himayədarı idi

 

Heydər Əliyev ensiklopedik biliyə malik şəxsiyyət idi. İncəsənətin bir qolu olan musiqi də onun diqqətindən kənarda deyildi. O, musiqini çox sevir, bu sənətin sirlərini dərindən bilirdi. Görkəmli musiqiçilərlə yaxın ünsiyyəti vardı və bu münasibətlər musiqi sənətinin inkişafına xidmət edirdi.

Bu sözlər dekabrın 10-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr olunan anim tədbirində səsləndi.

Tədbiri ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq ulu öndər Heydər Əliyevin mədəniyyətimizin böyük himayədarı olduğunu vurğuladı: “Ulu öndərin Azərbaycanın görkəmli musiqi xadimləri ilə də şəxsi dostluğu vardı. Onlarla səmimi görüşlər keçirər, müəyyən musiqi əsərləri və tamaşalar haqqında müzakirələr aparar və rəylərini öyrənirdi. Sovet dövründə Heydər Əliyevin təşəbbüsü əsasında Filarmoniyada maestro Niyazinin bədii rəhbərliyi ilə simfonik konsertlər keçirilirdi. Niyazinin iş otağında hamımız yığışardıq. Çox maraqlı söhbətlər aparılırdı. Görürdük ki, o, siyasi xadim olmasına baxmayaraq, musiqi haqqında çox dolğun məlumatı var. Bəzən də çox maraqlı və ciddi suallar verirdi. Biz bunlardan çox təəccüblənirdik”.

Firəngiz Əlizadə Azərbaycan musiqi mədəniyyətinin “qızıl dövr”ünün – musiqimizin korifeyləri Fikrət Əmirov, Qara Qarayev, Niyazi və digərlərinin yazıb-yaratdığı dövrün – Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı.

Sonra ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videolent nümayiş olundu.

Firəngiz Əlizadə ulu öndərə həsr etdiyi “İthaf” əsərindən də söz açdı: “Dünya şöhrətli musiqiçi və Heydər Əliyevin yaxın dostu Mstislav Rostropoviçlə məsləhətləşdik ki, 2003-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının təmiri başa çatar. Açılışı zamanı mənim ulu öndərə həsr etdiyim bu əsər səslənər. Təəssüf ki, bizim istədiyimiz kimi olmadı. Həmin il böyük öndər dünyasını dəyişdi. 2004-cü ildə Filarmoniyanın təmiri başa çatandan sonra təntənəli açılış konserti oldu. Əsərin ilk ifası zamanı səhnədə Heydər Əliyevin portreti qoyulmuşdu. Rostropoviç səhnəyə çıxıb üzünü həmin şəklə tutaraq öz violonçelində İ.S.Baxın “Farabanda” əsərini ifa etdi. Sonra orkestr mənim “İthaf” əsərimi səsləndirdi. Bu, bizim dahi şəxsiyyətin ruhuna ehtiramımızın bir zərrəsi idi. Azərbaycan musiqisində bu dahi şəxsiyyətə həsr olunan əsərlər yaranır və gələcəkdə də yaranacaq”.

ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Azərbaycan bəstəkarlarının Heydər Əliyevə həsr olunmuş simfonik əsərləri” mövzusunda məruzə etdi. Bildirdi ki, ümummilli lider ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyət xadimlərinə, o cümlədən musiqiçilərə xüsusi diqqət və qayğı ilə yanaşıb. Musiqi xadimlərimiz isə Heydər Əliyevin simasında bu sənətin qüdrətli himayədarı və böyük dostunun olduğunu hiss ediblər. Heydər Əliyevə həsr edilən çoxlu sayda musiqi əsərləri yazılıb. Həmin musiqi əsərləri zamanın bədii sifarişi və tariximizin bədii həqiqətləridir. Cövdət Hacıyevin “Onu zaman seçib” simfoniyası və “Ulu öndər” simfonik poeması, Musa Mirzəyevin “Azadlığın baharı” kantatası, Vasif Adıgözəlovun “Odlar yurdu” kantatası, Arif Məlikovun “Əbədiyyət” simfoniyası, Tofiq Bakıxanovun “Sən həmişə bizimləsən” simfonik poeması, Oqtay Rəcəbovun simfonik orkestr ilə xor üçün “Heydər Ata” oratoriyası, Vasif Allahverdiyevin “Ömür yolu” simfonik poeması, İdris Mirzəyevin “Üç dənizin əfsanəsi” simfoniyası və s. əsərlər ulu öndərə ehtiramın ifadəsi kimi diqqətəlayiq nümunələrdir.

Sonra ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasovun “Son illərdə Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda yazılmış yeni əsərləri”, ittifaqın məsul katibi, Əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovanın “Heydər Əliyev Fondunun musiqi layihələri və bu layihələrin gerçəkləşməsində Bəstəkarlar İttifaqının rolu” mövzusunda məruzələri dinlənildi.

Məruzələrdən sonra  bəstəkar, Əməkdar müəllim Lalə Cəfərovanın solistlər, xor və simfonik orkestr üçün “Əbədiyaşar Heydər” əsərinin lent yazısı təqdim olundu. Əsər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə simfonik orkestri və solistlər – Xalq artisti Gülnaz İsmayılova və Fəxri Kazım Nicatın ifasında səsləndi.

Savalan FƏRƏCOV