Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixində bir ilk olaraq ərsəyə gətirdiyi “Xəmsə” (beşlik) tükənməz söz xəzinəsi, eyni zamanda Şərq intibahında özünəməxsus rolu olan bədii əsər nümunəsidir. Nizaminin bədii-poetik və fəlsəfi fikirləri özündən sonrakı şairlər tərəfindən mənimsənilərək davam etdirilmiş, Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai kimi söz ustadları da daxil olmaqla, Şərqin bir sıra şairləri Nizamidən təsirlənərək “Xəmsə” nümunələri yaratmışlar.

XII əsrdə Azərbaycan ədəbiyyatı və ümumən mədəniyyət sahəsində müşahidə olunan çiçəklənmədə Nizami Gəncəvi yaradıcılığının müstəsna rolu olmuşdur. Həmin dövrlərdən başlayaraq onun yaradıcılığına ədəbiyyat xadimləri ilə yanaşı, bir çox təsviri sənət nümayəndələri də müraciət edərək “Xəmsə”yə daxil olan əsərlərin süjetlərinə  miniatürlər çəkmişlər.

XV əsrdə “Xəmsə”yə çəkilən ilk miniatürün müəllifi Pir Seyid Təbrizi hesab edilir. O, Şərqdə ən məşhur rəssamlardan olan Kəmaləddin Behzadın müəllimi olmaqla bərabər, həm də Herat rəssamlıq məktəbinin inkişafında xüsusi xidmətlər göstərmişdir. Pir Seyid Təbrizi “Xəmsə”nin 1446-cı ildə köçürülmüş nüsxəsinə müxtəlif illüstrativ şəkillər çəkmişdir. Onun əlindən çıxan bu əlyazma nümunəsi hazırda İstanbuldakı Topqapı Sarayında mühafizə olunur.

XV əsrin sonlarına aid nəfis tərtib olunan əlyazmalardan biri də tanınmış xəttat Abdul Rəhim tərəfindən köçürülərək yüksək bədii-estetik zövqlə tərtib edilmişdir.

XVI əsrdə Nizaminin “Xəmsə”sini köçürən, eyni zamanda illüstrasiyalar çəkən rəssamlardan Lütvallah Təbrizini qeyd edə bilərik. Onun 1501-ci ildə tərtib etdiyi əlyazmalardan biri nəfis görünüşünə və xəttatlıq sənətinə görə digərlərindən seçilir. Həmin nüsxə 2 əlvan frontispis, 3 şmustitul və 6 sərlövhədən ibarətdir. Sözügedən əlyazma və L.Təbrizinin digər əlyazmalarının bir hissəsi Topqapı Sarayının kitabxanasında saxlanılır.

XVI əsrin ortalarından etibarən Azərbaycan rəssamlıq sənəti yeni inkişaf mərhələsinə qədəm qoyur. Dövrünün tanınmış rəssamı Soltan Məhəmməd də məhz yaradıcılığının ən məhsuldar dövründə “Xəmsə” miniatürləri çəkmişdir. Rəssamın “Xəmsə”yə ilk müraciəti 1524-1525-ci illərdə köçürülüb tamamlanan nüsxə ilə başlamışdır ki, Soltan Məhəmməd bu nüsxədə “İskəndər xaqanın qəbulunda” adlı miniatürü həkk etmişdir. Sözügedən nüsxə Nyu-Yorkdakı Metropoliten Muzeyində saxlanılır. Soltan Məhəmməd “Xəmsə”çi rəssamlar arasında rəngləri ahəngdar seçməsi və süjet xəttini rənglər vasitəsilə əks etdirməsinə görə digərlərindən fərqlənmişdir.

Soltan Məhəmmədin yaradıcılıq işləri arasında ona ən çox şöhrət gətirən əlyazmalardan biri 1539-1543-cü illərdə köçürülüb tamamlanan, insanı heyran edən illüstrasiyalar ilə bəzədilmiş əlyazmadır. Hazırda Londonda, Britaniya Muzeyində saxlanılan əlyazma, Təbriz miniatür məktəbinin xüsusiyyətlərini əks etdirməklə yanaşı, həm də Nizaminin “kamil insan” konsepsiyasını özündə ehtiva edir. Bu əlyazmanın digərlərinə nisbətən daha çox diqqət çəkməsinə səbəb isə onun nəstəliq xəttində yazılması və zərif ornamentlərlə bəzədilməsi, həmçinin yüksək peşəkarlıq nümunəsi kimi qiymətləndirilən bədii tərtibatının olmasıdır.

Soltan Məhəmməd irsini dərindən mənimsəmiş və onun irsini davam etdirmiş miniatürçü rəssamlardan biri də oğlu Mirzə Əli Təbrizi olmuşdur. Onun haqqında XVI əsr  təzkirələrində məlumat verilsə də, rəssamlıq tarixində 3-4 əsərinin adı çəkilir. Mirzə Əli atası Soltan Məhəmməddən boyakarlığın sirlərini öyrənməklə bərabər, həm də bədii-poetik üslubda olan əsərlərdən səhnələri canlandırmağı da mənimsəyir və beləliklə, yuxarıda qeyd etdiyimiz 1539-1543-cü illərdə köçürülən “Xəmsə” nüsxəsinə miniatürlər çəkmək üçün dəvət alaraq bu işin öhdəsindən böyük məharətlə gəlir.

Qeyd etdiyimiz rəssamların əl işlərindən başqa Orta əsrlərdən müasir dövrümüzə qədər elmə məlum olan və hələ də tədqiq olunmağı gözləyən saysız-hesabsız rəsm əsərləri vardır. Çünki Nizami Gəncəvi yaradıcılığı tək bir dövr üçün yox, bütün dövrlər üçün aktual olan mövzuları əhatə edir. İstər elmi, istər bədii-poetik, estetik, fəlsəfi, istərsə də sosioloji aspektdən Nizami yaradıcılığı öz unikallığını qoruyub saxlayır. Bu baxımdan Nizaminin yaratdığı tarixi və bədii personajlara incəsənətdə hər zaman tələbat vardır.

“Xəmsə” nüsxələrinin nəfis tərtibatla köçürülərək çoxaldılmasında rolu olan xəttat və miniatürçü rəssamlardan Təbriz miniatür məktəbinin yetirmələri olan Müzəffər Əlinin, Mir Müzəffirin, Mir Seyidəlinin, Fərrux bəyin, Məhəmmədinin, əslən Xoy şəhərindən olan Mirzə Əliqulunun adlarını da çəkmək lazımdır. Onlar əlyazmalara təkcə rəsm əsərləri çəkməmiş, həm də onların üzünü köçürərək yeni nüsxələrin yaradılmasında iştirak etmişlər. Bildiyimiz kimi, orta əsrlərdə Azərbaycanda çap maşınları mövcud deyildi və əlyazmalar xəttatlar, katiblər, həmçinin qeyd etdiyimiz rəssamlar kimi gözəl və nəfis xətlə yazmağı bacaran miniatür ustaları tərəfindən köçürülərək yeni nüsxə əldə olunurdu. Əksər hallarda bu nüsxələr dövlət xadimlərinə hədiyyə olunurdu. Qeyd edək ki, bir sıra rəssamlar bu əlyazmaları sifariş üçün yox, cəmiyyətin maariflənməsi məqsədilə köçürərək mədrəsə və rəsədxana kitabxanalarına verirdilər. Bunun da nəticəsi olaraq bu gün Azərbaycanda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda 40 mindən çox əlyazma nüsxəsi saxlanılır və xüsusi şəraitdə mühafizə olunur.

XX əsrdə Nizami yaradıcılığı, xüsusilə “Xəmsə” epizodlarına çəkilən rəsmlər əvvəlki illərdən üslub və ahəngdarlıq baxımından fərqlənsə də, Nizami yaradıcılığının əsasını təşkil edən başlıca ideyalar bu əsərlərdə də öz əksini tapmışdır. Ə.Hacıyev, Q.Xalıqov, İ.Axundov, K.Kazımzadə, M.Abdullayev kimi sənətkarlar Azərbaycan ədəbiyyatı klassiklərinin, xüsusilə Nizaminin “Xəmsə”sinə bir çox illüstrasiyalar çəkmişlər.

Mikayıl Abdullayev haqqında xüsusi qeyd etmək lazımdır ki, o, “Xəmsə”dəki mövzulara daha çox müraciət edən rəssamlardan biridir. Onun rəsmləri əsərlərdəki süjet və epizodları o qədər dəqiq və dərin hissiyyatla ifadə etmişdir ki, insanı həmin dövrün ab-havasına aparır. Bakı metrosunun “Nizami” stansiyasında M.Abdullayevin “Xəmsə”yə çəkdiyi mozaik rəsmləri həkk olunmuşdur. Onların arasında “Xəmsə”dən elə təsvirlər var ki, rəssamlıq tarixində ilk dəfə Mikayıl Abdullayev tərəfindən çəkilmişdir. Bunlar “Nəqqaş Mani”, “Kərpickəsən kişinin dastanı”, “Daranın ölümü”, “Məcnun və atası” və s. nümunələrdir.

Elminə HƏSƏNOVA
Azərbaycan  Dövlət Rəsm Qalereyasının elmi işçisi