Qazaxıstanda arxeoloji qazıntılar zamanı tapılan  səkkizinci “qızıl adam” muzey eksponatına çevrilib. Qazaxıstanın Milli Muzeyində Böyük Çölün qədim incəsənət və texnologiya zalında Taskop kurqanından tapılan “qızıl adam”ın elmi rekonstruksiyası təqdim olunub.

2019-cu ildə Aktobe vilayətində arxeoloji qazıntılar zamanı tapılan qədim sarmatların liderinin obrazını canlandırmaq üçün bərpaçılara iki il lazım olub. Aktobe bölgəsindəki Taskop kurqanlarından birində tapılan artefaktlar əsasında “qızıl adam”ın təxmini yaşını müəyyən etmək mümkün olub. Alimlərin fikrincə, belə paltarları eramızdan əvvəl IV-III əsrlərdə zadəganlar geyinirmişlər.

Qeyd edək ki, Qazaxıstan arxeoloqlarının tapdığı səkkiz “qızıl adam”dan ən məşhuru İssık kurqanında aşkarlanıb. Geyimlərin zəngin dekorasiyasına görə onları qızıl adlandırırlar.

Xatırladaq ki, Qazaxıstan hökumətinin dəstəyi ilə reallaşan “Qızıl adam”ın dünya muzeylərinə yürüşü” sərgi layihəsi 2018-2021-ci illəri əhatə edib. Sərgi Bakı da daxil olmaqla 10-dan çox ölkənin şəhərlərində aparıcı muzeylərdə nümayiş olunub.

CAVİD