Dünyanın ən nüfuzlu musiqi yarışması olan “Eurovision” müsabiqəsinin gələn il Bakıda keçirilməsi dünyanın diqqətini Azərbaycana cəlb etməklə yanaşı, ölkəmizə xarici turist axınına da zəmin yaradacaq. Bu baxımdan 2012-ci il Azərbaycanın turizm sənayesinin lazımi səviyyədə təqdimatı və tanıdılması ilə bağlı bizim üzərimizə böyük məsuliyyət qoyur. Bu fikri Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.
   Onun sözlərinə görə, Avropa ölkələri turizm sahəsində Azərbaycan üçün prioritet istiqamətlərdən biridir: «Müsabiqə minlərlə avropalının ölkəmizə gəlişini və Azərbaycanı yaxından tanımasını təmin edəcək. Bununla əlaqədar olaraq il ərzində müxtəlif hazırlıq işləri görəcəyik, turistlərdə Azərbaycan haqqında yüksək təsəvvürün formalaşması üçün lazım olan bütün tədbirləri həyata keçirəcəyik. Mədəniyyət və Turizm Nazirliyi bu işləri digər dövlət strukturları, turizm təşkilatları, ictimai qurumlarla birgə görəcək».
   Nazirlik təmsilçisinin sözlərinə görə, müsabiqə ilə bağlı 2012-ci ildə Azərbaycana 50-100 min turistin gələcəyini proqnozlaşdırmaq olar: «Bununla bağlı Bakı şəhərində turist yerləşdirmə yerlərinin sayı artırılacaq, nəqliyyat sistemi optimallaşdırılacaq, xüsusilə şəhərdaxili nəqliyyatda ingilis dilində informasiya sistemləri təmin olunacaq».
   Məlum olduğu kimi, xidmət səviyyəsi Azərbaycan turizminin ən başlıca problemlərindəndir. A.İsmiyevin sözlərinə görə, bu problemin aradan qaldırılması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq mehmanxana və hotellərin əməkdaşları üçün kurslar təşkil edir. Eyni zamanda turizm sahəsində çalışanlar üçün peşə təhsilinin verilməsi istiqamətində də müxtəlif işlər görülür.
   
   Bu qələbə Azərbaycanın dünyada nüfuzunu göstərir
   
   Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov bildirdi ki, «Eurovision» yarışmasında 43 ölkənin içərisində birincilik qazanmaq Azərbaycan üçün həm siyasi, həm də mədəni baxımdan böyük bir qələbədir. Bu qalibiyyət Azərbaycanın dünyada nüfuzunu göstərir. C.Cəfərovun sözlərinə görə, bu nailiyyətin turizm baxımından da əhəmiyyəti var: «Təkcə onu nəzərə almaq lazımdır ki, bu uğurdan sonra dünyada milyonlarla insan internet-axtarış saytlarında Azərbaycan haqqında məlumatlar axtarıb. Görün, nə qədər insanda Azərbaycana maraq yaranıb. Bu maraq təbii ki, həm ölkəmizin mədəniyyəti, həm də turizm istiqamətində olacaq».
   Mütəxəssis 2012-ci ildə belə bir nüfuzlu yarışmanın Bakıda keçirilməsinin böyük hadisə olacağını deyir: «Azərbaycan artıq bu tipli tədbirlərin keçirilməsi üçün bir məkana çevrilib. Son illərdə möhtəşəm tədbirlərə ev sahibliyi etmişik. Bu tədbirdə isə on minlərlə qonağın qarşılanıb yola salınmasından söhbət gedir. Buna hazır olmaq lazımdır. Bunun üçün ölkənin bütün resursları səfərbər olunacaq. Əlavə hotellərin tikintisi, yeni yerləşdirmə yerlərinin yaradılması, infrastruktur layihələrinin həyata keçirilməsi ilə Bakı daha da gözəlləşəcək. Bu işin bizimlə əlaqəli hissəsi turizm sahəsində kadr hazırlığı ilə bağlıdır. Eyni zamanda, digər sahələrdə də görüləcək işlər çoxdur. Viza rejiminin yumşaldılması, təyyarə biletlərinin ucuzlaşdırılması ilə bağlı addımlar atılacaq. Gələn çoxsaylı turistlərdə ölkəmiz haqqında maksimum yüksək təəssürat yaratmalıyıq. Bu tədbirin necə keçirilməsi ölkəmizin imicinin daha da yüksəldilməsi üçün son dərəcə vacib məsələdir».
   
   Fəxriyyə Abdullayeva