Mayın 27-də “Avropa” hotelində Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (CEİBC) üzvlərinin Mədəniyyət və Turizm Nazirliyinin rəhbər işçiləri ilə görüşü keçirildi. Ölkə prezidenti tərəfindən 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində gerçəkləşən görüş maraqlı müzakirələrlə yadda qaldı.
Qeyd edək ki, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu “Caspian Energy” Beynəlxalq Nəşriyyat Evinin fəal iştirakı və Xəzər-Qara dəniz regionunda işləyən iri neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ildə yaradılıb.
Görüşü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun prezidenti və baş direktoru Telman Əliyev açaraq rəhbərlik etdiyi qurum haqqında məlumat verdi. Qeyd olundu ki, 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri tərəfindən də təqdirlə qarşılanıb. Qurumun təsis etdiyi “Caspian Enerjy İntegration Award“ mükafatı ilə müxtəlif sahələrlə yanaşı, turizm sahəsində fəaliyyət göstərən şirkətlərin top-menecerləri də mükafatlandırılır.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov “Azərbaycanda turizmin inkişaf perspektivləri” mövzusunda geniş çıxış etdi. Bildirdi ki, dünyada son 60 ildə turizm sahəsində səfərlər 40 dəfə, gəlirlər 460 dəfə artıb və bu sahə sürətlə inkişaf edən biznesə çevrilib: «Bu, insanların maddi rifah halının yüksəlməsi və fərqli mədəniyyətləri görmək istəkləri ilə bağlıdır. Dünya Turizm Təşkilatının statistik rəqəmlərinə əsasən, 1950-ci ildə turistlərin sayı 23,3 milyon idisə, 2010-cu ildə bu rəqəm 940 milyon olub. 2020-ci ildə isə dünyada turistlərin sayının 1 milyard 600 min nəfərə çatacağı gözlənilir”.
Azərbaycanda da turizmin uğurla inkişaf etdiyini vurğulayan natiq ötən il ölkə başçısı tərəfindən təsdiq edilmiş “2010-2014-cü illər üçün turizmin inkişafına dair Dövlət Proqramı”nın və 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı sərəncamının əhəmiyyətindən danışdı. Qeyd olundu ki, ölkəmizin geniş turizm potensialı var və son illər ərzində Azərbaycana gələn xarici turistlərin sayının artımı da bunu təsdiqləyir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu sahənin inkişafı üçün kompleks tədbirlər görülür: «Son illərdə ölkəmizdə turizm şirkətlərinin sayı 18-dən 212-yə, mehmanxanaların sayı 93-dən 477-yə çatıb. 2010-cu ildə ölkəmizə gələn əcnəbi turistlərin sayı 1 milyon 962 min 906 nəfər təşkil edib. Azərbaycanın gözəl təbiəti, flora və faunası, Xəzər dənizi sahili, qədim mədəniyyəti və tarixi, irsi, zəngin mətbəxi, yüksək qonaqpərvərliyi, rekreasiya zonaları və digər xüsusiyyətləri imkan yaradır ki, Azərbaycanda turizm daha da inkişaf etsin. Əsas məqsəd bu üstünlükləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, ayrı-ayrı ölkələrdə təbliğ etməkdir. Bu istiqamətdə məqsədyönlü işlər görülür”.
F.Qurbanov turizmin inkişafını ləngidə bilən məsələlərə də toxundu: «Bu problemlər qlobal səbəblərlə bağlıdır. Dünyada baş verən qlobal proseslər Azərbaycan turizminin inkişafına da mənfi təsir göstərə bilər. Dünyanın müxtəlif yerlərində, məsələn, bu yaxınlarda Yaponiyada baş verən təbii fəlakətləri, Yaxın Şərqdə baş verən münaqişələri misal çəkmək olar. Amma dünyada turizmin inkişaf tendensiyası onu göstərir ki, bu cür hadisələr prosesə bir o qədər də təsir etmir. Dünya üzrə turistlərin sayı keçən il 7 faiz artıb. Azərbaycanda turizmin inkişafı üçün müəyyən daxili problemlər də mövcuddur ki, onlar da qeyri-iqtisadi xarakterlidir. Ən əsas problem, sözsüz ki, Dağlıq Qarabağ münaqişəsidir. Torpaqlarımızın 20 faizinin işğal olunması, qaçqınların mövcudluğu turizmin inkişafına mənfi təsir göstərir. İşğal altında olan ərazilərdə geniş turizm potensialı olan regionlar, tarixi abidələrimiz qalıb».
Bütün bu problemlərə baxmayaraq Azərbaycanda turizmin inkişafının təmin edildiyini vurğulayan F.Qurbanov dövlət tərəfindən bir sıra mühüm addımlar atıldığını diqqətə çatdırdı, bu sahədə Dövlət Proqramının uğurla icra olunduğunu bildirdi. 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyində tədbirlər hazırlanıb: “Əsas diqqət daxili turizmin inkişafına verilir. Eyni zamanda, xaricdə Azərbaycanın daxili turizm potensialının təbliği ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulur. Azərbaycan hər il beynəlxalq turizm sərgilərində iştirak edir. Təkcə bu il ölkəmiz 20 beynəlxalq turizm sərgisində iştirak edəcək. Bundan başqa, bir neçə beynəlxalq turizm marşrutu da hazırlanıb: «Aleksandr Düma Qafqazda», «Azərbaycan şərab yolları», «Böyük İpək yolu», «Alman yaşayış məskənləri». Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində naviqasiya sisteminin yaradılması layihəsini də təqdim etdi. Bu sistem vasitəsilə turistlər üçün zəruri olan bütün məlumatları əldə etmək olar».
Nazirliyin Aparat rəhbəri ölkəmizdə turizmin inkişafı istiqamətində uğurlu addımlardan biri kimi turizm informasiya mərkəzlərinin yaradılmasını da qeyd etdi. Artıq bir neçə ildir ki, regionlarda 8 informasiya mərkəzi fəaliyyət göstərir.
Aparat rəhbəri «Turizm haqqında» yeni qanun layihəsinin hazırlanması məsələsinə də toxundu: «Sənəd icra hakimiyyəti orqanlarının rəyləri nəzərə alınaraq hökumətə təqdim olunub. Qanun layihəsində turizm sahəsinin inkişafı ilə bağlı tam yeni və fərqli yanaşmalar, müasir tələb və baxışlar əksini tapıb».
F.Qurbanovun sözlərinə görə, turizm sahəsində kadr təminatı ilə bağlı müəyyən çətinliklər də var və bunu aradan qaldırmaq üçün tədbirlər görülür: «Problemin həlli üçün nazirliyin tabeliyində iki texniki peşə məktəbinin yaradılması nəzərdə tutulur. Eyni zamanda mütəxəssislərin xaricdə təcrübə keçmələrinə şərait yaradılır ki, bütün bunlar da Azərbaycanda turizm potensialının güclənməsinə imkan verəcək».
Daha sonra tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış etdi. O, Azərbaycanın turizm potensialından, bu sahədə geniş hüquqi bazanın yaradılmasından söz açdı: «Turizm ölkəmizin inkişafı üçün çox mühüm sahələrdən biridir. Azərbaycanın geosiyasi vəziyyəti, yerləşdiyi yer, tutduğu mövqe, malik olduğu iqlim imkan verir ki, ölkəmiz bu sahəni inkişaf etdirsin və turizmdən çoxlu gəlir əldə etsin. Azərbaycanın bugünkü inkişafı buna tam əsas verir. Turistləri ölkəyə cəlb etmək böyük potensial imkanlarımız var ki, bundan hərtərəfli istifadə etmək lazımdır. Ölkəmizdə turizm infrastrukturu yaradılıb və onun genişləndirilməsi üçün işlər görülür. 2011-ci ilin «Turizm ili» elan olunması bu sahənin inkişafına əlavə imkanlar açıb. Hesab edirəm ki, bu il turizmin inkişafı üçün doğrudan da, böyük bir dönüş olacaq. Bu il Bakıda dünya səviyyəli yeni hotellər açılacaq. Bunun özü turizmin inkişafına səmərəli təsir göstərəcək. Əlbəttə ki, turizmin inkişafı artıq başqa əlaqəli istiqamətləri də inkişaf etdirəcək. İndi gördüyümüz işlər gələcəkdə turizmin inkişafına daha böyük təkan verəcək”.
Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun fəxri üzvü seçildi və ona sertifikat təqdim olundu. Sonra nazir müavini klub üzvlərinin suallarını cavablandırdı.
Görüşdə müxtəlif kampaniyaların rəhbərləri, Rusiya, Qazaxıstan, Türkiyə, Gürcüstan, Amerika, Böyük Britaniya, Fransa, Ukrayna, Latviya, Litva və İrandan olan diplomatik korpusların nümayəndələri iştirak edirdi.
Mehparə