2010-cu ildə “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Felmay Corso Moncalieri şirkəti arasında imzalanmış müqaviləyə əsasən, İtaliyada “Azərbaycanın ənənəvi musiqisi” adlı altı kompakt diskdən ibarət albomun hazırlanması və satışı planlaşdırılır.
Azərbaycanın zəngin musiqi nümunələrinin Avropada təbliğinin genişləndirilməsi məqsədilə layihə çərçivəsində artıq birinci - “Muğam - Azərbaycanın müqəddəs musiqisi” diski işıq üzü görüb. Mayın 26-da Turin şəhərindəki Şərq İncəsənəti Muzeyində “Darbar” adı altında konsert proqramında diskin təqdimatı keçirilib.
Diskə geniş səs diapazonuna malik tanınmış xanəndə Qoçaq Əsgərovun ifasında “Zabul Segah” dəstgahı, “Bayatı Şiraz” muğamı və təsnifi, “Mahur” muğam kompozisiyası, “Dilkəş” muğamı və iki xalq rəqs havası daxildir.