Dekabrın 28-də Nizami Kino Mərkəzində “Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi keçirildi.

Mərasimdə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) İdarə Heyətinin sədri Emin Məmmədov, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak edirdilər.

Filmin nümayişindən öncə çıxış edən Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev qeyd etdi ki, ölkəmizin 44 günlük Vətən müharibəsindəki Qələbəsini simvolizə edən və xalqımızın həmrəyliyini nümayiş etdirən sənədli film “Qarabağ ilmələrdə” adlı sosial layihə çərçivəsində hazırlanıb. İctimai birliyin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə bir xalçanı 44 gün ərzində minlərlə insan toxuyub. Sonuncu ilmələri Zəfər Günü ərəfəsində işğaldan azad olunan Şuşa şəhərində vurulan xalçanın toxunma prosesi əvvəldən axıra qədər filmdə əks olunur.

Daha sonra “Qarabağ ilmələrdə” sənədli filmi nümayiş olundu.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə çıxışında bildirdi ki, xüsusi avtomobildə daşınan xalçaya şəhid ailələri, müharibə iştirakçıları və bölgələrimizdə yaşayan vətəndaşlar ilmə ataraq müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi şanlı Ordumuz tərəfindən 44 günün sonunda düşmən üzərində qazanılan Qələbənin yaşatdığı hissləri dilə gətiriblər.

“Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov söylədi ki, layihəyə “Azərxalça”nın 12 emalatxanası və 16 toxucusu cəlb olunub: “Bu layihə ilə xalqımızı yenidən mədəni irsimiz, tariximizlə birləşdirməyə nail olduq”.

Daha sonra çıxış edən filmin ssenari müəllifi (həm də “Qarabağ ilmələrdə” layihəsinin ideya müəllifi) Orxan Cabbarlı layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Sonda şəhidlər – Milli Qəhrəman, general-mayor Polad Həşimov, polkovnik-leytenant Raqub Orucov və əsgər Denis Əliyevin (Pronin) ailə üzvlərinin iştirakı ilə 44 gün ərzində toxunan Qarabağ qrupuna aid “Çələbi” xalçasının hanadan kəsimi keçirildi.

Qeyd edək ki, “Qarabağ ilmələrdə” filminin ssenari müəllifi Orxan Cabbarlı, quruluşçu rejissoru Emil Babayev, rejissoru Bəhruz Qədirov, quruluşçu operatoru isə Böyükağa Nağıyevdir. Ekran işi Vətən müharibəsində hər bir azərbaycanlının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir.

Nurəddin