Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Palma” İstirahət Mərkəzinin təşkilatçılığı ilə Nabranın turizm potensialının təqdimatı məqsədilə Xaçmaz rayonuna infotur təşkil ediləcək. Nazirliyin turizm şöbəsindən verilən məlumata görə, Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədilə layihənin birgə həyata keçirilməsi planlaşdırılır.
   Azərbaycanın füsunkar rayonlarından biri olan Xaçmaza yerli turizm şirkətlərindən və KİV-dən ibarət heyət üçün nəzərdə tutulan infotur iyunun 4-5-də həyata keçiriləcək. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkətlərinin əməkdaşları və KİV nümayəndələrindən ibarət 40 nəfərlik heyətin iştirakı nəzərdə tutulur.
   Tur iştirakçıları iki gün ərzində rayonda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar, eləcə də mədəni-tarixi abidələr və rayonun təbiəti ilə də tanış olacaqlar.
   

   Fəxriyyə Abdullayeva