Mehmet Əli Yüksələn: «Ölkəmiz ərazicə kiçik olsa da, turizm sahəsində təcrübəmiz böyükdür”
   
   Bu günlərdə Şimali Kipr Beynəlxalq Universiteti Azərbaycanda artıq ikinci tədris ili üzrə tələbə qəbulu elan etdi. Xarici dil də daxil olmaqla, yüksək təhsil vəd edən universitetin rəhbərliyi bu il ölkəmizdə «Turizm ili» elan edilməsi münasibətilə azərbaycanlı tələbələrə bir sıra güzəştlər tətbiq edəcək. Ali təhsil ocağının rektoru Mehmet Əli Yüksələnlə söhbət əsnasında bu güzəştlər haqqında məlumat aldıq, həmçinin Şimali Kipr-Azərbaycan turizm əlaqələri barədə danışdıq. Rektor öncə universitet barədə məlumat verdi.
   
   - Şimali Kipr Beynəlxalq Universiteti 1997-ci ildən fəaliyyət göstərir. Bu müddətdə dünyanın bir çox ölkələrində tanınmışıq. Universitetdə iqtisadiyyat, hüquq, fənn-ədəbiyyat, turizm, incəsənət, mühəndislik - ümumilikdə 9 fakültə üzrə 28 xarici ölkədən və Şimali Kiprin özündən 4700 tələbə təhsil alır. Dərslər ingilis dilində keçirilir. 36 bölümdə bakalavr, 21 bölümdə magistr, 10 bölümdə isə doktorantura təhsili veririk. Universitetdə 9 fakültə üzrə tələbə qəbulu həyata keçirilir. Böyük Britaniyanın «Universty of Sunderland» və «Universty of Wolverhampton» universitetləri ilə ikili diplom haqqında razılaşmamız var. Bir sözlə, az vaxt içərisində böyük uğurlara imza atmışıq.
   - Azərbaycanla təhsil sahəsində əməkdaşlığınız nə vaxtdan başlayıb?
   - 2008-ci ildə ilk dəfə Azərbaycana gəldim, ikinci səfərim 2010-cu ildə baş tutdu. Budəfəki gəlişim artıq təhsil sahəsində əməkdaşlıq təklifi ilə bağlı idi. Bakıda gördüyüm dəyişiklik, inkişaf məni bir daha əmin etdi ki, düzgün qərar qəbul etmişəm. Beləliklə, ötən il Azərbaycandan 50 tələbə qəbul etdik. Azərbaycanlı gənclərin bizim universitetdə təhsil alması həm ölkəmizin, həm də rektor olaraq mənim özümün marağımdadır. Çünki Şimali Kiprlə Azərbaycanı təkcə işgüzar əlaqələr və biznes maraqları deyil, eyni zamanda soy-kök yaxınlığı birləşdirir. Buna görə də Azərbaycandan olan tələbələrimiz üçün güzəştli 4.446 avroluq paket təklif edirik. Amma yaxşı oxuyan və nümunəvi davranış göstərən tələbələrə endirimlər də nəzərdə tutulub. Yemək və universitet ərazisində yerləşən şəhərcikdə qalmaq da bu qiymətə daxildir. Müqayisə üçün deyim ki, digər ölkələrdən tələbələrə bu paket 9 min avroya başa gəlir.
   Onu da deyim ki, bu il Azərbaycanda «Turizm ili» olması münasibətilə bir mühüm yenilik də etmişik. TQDK-nın qəbul imtahanlarından 600-dən yuxarı bal toplayan gənclər universitetimizdə pulsuz təhsil almaq imkanı qazanacaqlar. Amma bu güzəşt yalnız bu ilə şamil olunur.
   - Universitetinizdə turizm fakültəsində təhsillə bağlı nə deyə bilərsiniz?
   - Şimali Kipr bir turizm ölkəsi kimi tanınır. Ona görə də biz turizm təhsilinə böyük önəm veririk. Bir neçə beşulduzlu hotellə də yaxından əməkdaşlıq edirik. Yay tətilində turizm sahəsi üzrə təhsil alan tələbələrimizi bu hotellərdə təcrübə keçməyə göndəririk. Onlar burada həm təcrübə qazanırlar, həm də gördükləri iş müqabilində məvacib alırlar. Bundan əlavə, universitetin kampusunda tələbələrin təcrübə keçməsi üçün özümüzün hotelimiz fəaliyyət göstərir.
   - Azərbaycanda da turizm sahəsi sürətlə inkişaf edir. Bu sahədə ölkəmizlə əməkdaşlığı necə görürsünüz?
   - Şimali Kipr Azərbaycanla bütün sahələrdə, o cümlədən turizm sahəsində yaxından əməkdaşlıq etmək niyyətindədir. Hesab edirəm ki, bu yaxınlarda Bakıdan Şimali Kiprə başlanacaq çarter səfərləri bu əməkdaşlığa mühüm zəmin olacaq. Şimali Kipr ərazicə kiçik ölkə olsa da, turizm sahəsində təcrübəsi böyükdür. Biz məmnuniyyətlə bu sahədəki bilgilərimizi dost və qardaş Azərbaycanla paylaşmağa hazırıq. Bir neçə il əvvəllə müqayisədə deyə bilərəm ki, Azərbaycanda turizm sahəsində inkişaf var.
   Bu ilin ölkənizdə «Turizm ili» elan olunması, bir neçə 5 ulduzlu hotelin istifadəyə verilməsi bu sahədə əldə edilən nailiyyətlərdən xəbər verir. Bununla yanaşı, fikrimcə, hotellərdə xidmətin səviyyəsinin yüksəldilməsinə və turistlərə vaxtlarını mənalı keçirmələri üçün əlavə proqramların tərtib edilməsinə ehtiyac var. Eyni zamanda mövsüm günlərinin sayının artırılması üçün ciddi işlər görülməlidir. Kiprdə turizm mövsümü 4-5 ay idi. İndi biz bunu 7-8 aya çatdırmışıq. Bunun üçün qış aylarında konqres turizmi tətbiq edirik. Hotellər boş olduğu dövrlərdə universitetlər özlərinin beynəlxalq tədbirlərini burada keçirirlər. Bu həm bizə, həm də hotel sahiblərinə sərf edir. Çünki hotellər bunun üçün universitetlərə yarı qiymət təklif edirlər. Sizdə də turizm mövsümü günlərinin sayını artırmaq üçün müxtəlif vasitələrdən yaralanmaq lazımdır.
   
   F.Abdullayeva