Qərbin “timbirlinq”i, yoxsa milli yallımız?
Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını, birlik göstərərək həmişə haqqın, ədalətin və sülhün tərəfdarı olduğunu özündə ehtiva edən dəyərlərimizdən biri də yallı rəqslərimizdir. Yallılar bircə kəlmə söz belə demədən xalqımıza məxsus bütün xüsusiyyətləri – onun kimliyini, tarixini, birlik olub çətinliklərin öhdəsindən mərdliklə gəldiyini, mədəniyyətini – nümayiş etdirən ən qədim xalq yaradıcılığı nümunələrindəndir.
Digər milli rəqslərimiz kimi, yallıların da ifasında şuxluq və məğrurluq nümayiş olunur. Bu cür ifa tərzi, sözsüz ki, xalqımızı fərqləndirən əlamətlərdəndir. Yallılarla cəsarətin, xeyirxahlığın, əmin-amanlığın, sadəliyin, birliyin və bütün bunların təcəssümü sayılan insanpərvərliyin carçısı olduğumuzu göstəririk.
Ana yurdumuzun sinəsində qol-boyun olan dağlara baxanda elə zənn edirsən ki, indicə hərəkətə gəlib yallı gedəcək. Dağların səfi yallı getmək üçün himə bənd olan dəstəyə bənzəyir. Və bu dəstə yalnız və yalnız əməli birlik, söz, əqidə birliyi olanda hərəkətə keçər. Dirilik birlikdə deyilmi?! Deməli, yallılarımız millət olaraq bizim həm də diriliyimiz, canlı həyat tərzimizdir.
Yallılarımız ulusumuzun müdrikliyini, əcdadlarımızın tarix boyu şəxsi mənfəəti üçün deyil, ümummilli məsələlərin həlli üçün milli birliyini, kədər və sevincini özündə ehtiva edən sirli bir aləmdir. Hər bir fərd sevincini böləndə daha çox sevindiyi, kədərini böləndə isə mənən daha çox rahatlandığı kimi, cəmiyyətlər də, millətlər də sevincini və kədərini bölüşə biləndə inkişaf edir, durulur. Və bu inkişaf, bu tərəqqi yalnız və yalnız yallılarımızın rəmzi sayılan birlik nümayiş etdirməklə mümkün olur.
Yallılarımız haqda öyrəndikcə, xalqımıza məxsus bu sirli aləmə vaqif olduqca onun mərdliklərlə dolu tarixini, qədim keçmişini duyur, qürurlu, alnıaçıq gələcəyinə addımlayırsan. Dərk edirsən ki, bu addım, bu tərəqqinin təməlində birlik dayanır.
***
Bu aralar dilimizə təzə düşən, Avropada məşhur olan “timbirlinq” termini ilə rastlaşırıq. Bir qədər vaxt ayırıb bu terminin mənası, semantik anlamı haqqında kiçik araşdırma apardıq. Məlum oldu ki, çağımızda Qərb ellərində də yeni-yeni dillərə düşən bu terminin anlamı “bir olmaq”, “kollektivləşmək”, “bir işin, bir çətinliyin öhdəsindən birlikdə, kollektiv formada gəlmək” imiş. Bəs babalarımızın, nənələrimizin bir olub toy-büsat qurduğu, birlikdə əziz-xələf qonağını qarşıladığı yallılar tariximizin ən dərin qatlarından süzülüb gələn birliyimiz, cəmiyyət olaraq dayanışma rəmzimiz deyilmi? “Timbirlinq” termininin ifadə etdiyi anlayış min illər öncədən türklərin adəti, gələnəyi imiş. Bu gələnəyi gələcək nəsillərin birliyi, xoş gün-güzəranı və vətənsevər böyüməsi üçün yaşatmalı, əmanət qoymalıyıq. Yeni nəsilləri əmin etməliyik ki, bir xalq, bir dövlət, bir ulus olaraq sahib olduğumuz dəyərləri gələcəyə daşımaq istəyiriksə, milli birlik nümayiş etdirmək mütləqdir. Həmin bu milli birlik isə öz inikasını həm də yallılarımızda tapır.
Azərbaycanın Naxçıvan bölgəsi yallının vətəni hesab olunur. Ölkəmizdə yallı getmək, yallı tutmaq deyildimi, yada ilk olaraq qədim Oğuz yurdu Naxçıvan diyarı düşür. Bu diyarda bir zamanlar yallının 100-dən çox növü mövcud olub. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yallı sənəti ilə bağlı tədqiqatlar aparılıb, bu irsin beynəlxalq səviyyədə tanıdılması istiqamətində sistemli işlər görülüb. 2020-ci ildə son illər Naxçıvan diyarında ifa olunmuş 94 yallı haqqında Azərbaycan, ingilis və rus dillərində “Yallılar dünəndən bu günə” kitabı işıq üzü görüb. “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti, habelə Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub. Bütün bunların nəticəsi idi ki, 2018-ci ildə “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiya faylı UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edildi. Beynəlxalq ictimaiyyət də gördü ki, qədim yallılarımız bütün bəşəriyyət üçün vacib olan birlik məfhumunu özündə yaşadır.
Yallı təkcə musiqi və rəqs növü deyil. O, qədim oğuz-türk tarixinin başlıca möhürlərindən biri olmaqla eyni zamanda xalqımızın bugünkü varlığıdır. Bəli, xalq olaraq öz varlığımızı qloballaşan dünyamızda məhz milli-mədəni sərvətlərimizlə qoruyub saxlaya bilərik. Buna görədir ki, muxtar respublikada yallılarımızın, ümumən, milli mədəniyyətimizin yaşadılması, tədqiqi və təbliği istiqamətində tədbirlərin görülməsi hər kəs tərəfindən rəğbətlə qarşılanır. İstərdik ki, ölkəmizin hər guşəsində xalq yaradıcılığına, o cümlədən milli birlik rəmzi olan yallılarımıza diqqət göstərilsin. Azərbaycanın bu qədim elində yaşayan insanlar əmindirlər ki, birlik olan yerdə dirilik, dirilik olan yerdə isə dövlətçilik var, inkişaf var... Ölkə və xalq olaraq mövcudluğumuzun məhz milli birlikdən keçdiyinə inanaq və yallılarımızı yaşadaq. Qərbin “timbirlinq”inə deyil, elə öz yallılarımıza aludə olaq. Bunun üçün gərək insanlarımız yeri gələndə əl-ələ verib yallı getməyi bacarsın, bu ulu mirası yaşatsın.
Əziz oxucular, indi özünüz qərar verin: qərblinin birlik nümayiş etdirmək üçün yeni “icadı” olan “timbirlinq”mi, yoxsa xalqımızın min illər öncə yaradıb yaşatdığı yallılarımızmı?...
Səyyar Məmmədov
Naxçıvan MR Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru