Tarix boyu hər bir xalqın özünəməxsus mədəniyyəti, fikri və düşüncəsi, adət və ənənəsi olub. Bütün bunlar elmin, mədəniyyətin və mənəviyyatın inkişafına öz töhfələrini verib.
Azərbaycanda pedaqogikanın inkişafında M.F.Axundzadə, S.Ə.Şirvani, M.Ə.Sabir, C.Məmmədquluzadə, S.S.Axundov, Ü.Hacıbəyli və başqaları böyük rol oynamışlar. Bu mütərəqqi ziyalılar arasında professional klassik musiqimizin və bəstəkarlıq məktəbimizin təməlini qoymuş dahi Üzeyir Hacıbəylinin xidməti danılmazdır. XX əsrin əvvəllərində Azərbaycanın musiqi təhsili məsələləri xüsusi diqqət tələb edirdi. Ü.Hacıbəyli məqsədyönlü təhsil sistemi Şərq və Qərb musiqi mədəniyyətlərinin qarşılıqlı əlaqəsi əsasında qurmaqla ölkəmizin musiqi mədəniyyətində köklü dönüş yaratmağa nail olub.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında, digər müəssisələrin, təhsil və elm ocaqlarının müstəsna xidmətləri olduğu kimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) və onun nəzdində Orta ixtisas musiqi məktəb-studiyasının da böyük rolu var. 2021-ci ildə Bakı Musiqi Akademiyasının 100 yaşı tamam oldu, bu münasibətlə silsilə layihələr, tədbirlər gerçəkləşdi. Yubiley ilinin son günlərində BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının 40 illik yubileyinə həsr olunan “Təşəkkül və novatorluq” adlı kitabın təqdimatı da keçirildi.
Bir neçə hissədən ibarət olan kitabda məktəb-studiyanın son illər ərzində həyata keçirdiyi müxtəlif tədbirlər haqqında geniş məlumatlar verilir, eyni zamanda bu mövzular ətrafında yazılan resenziya və məqalələr diqqətə çatdırılır. Kitabın redaktorları SSRİ-nin və Azərbaycanının Xalq artisti, professor Fərhad Bədəlbəyli və Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov, tərtibçiləri sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevda Məmmədova və Aytən İbrahimovadır. Kitabda məktəb-studiyanın ölkənin musiqi təhsilinin inkişafında mühüm rolu vurğulanır və burada tətbiq edilən innovativ metodların beynəlxalq səviyyədə qəbul olunmasından söz açılır.
Təqdimatda BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Xalq artisti, professor Ramiz Quliyev, Əməkdar incəsənət xadimi, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zümrüd Dadaşzadə nəşrlə bağlı dəyərli fikirlərini bildirdilər. Məktəb-studiya şagirdlərinin ifasında təqdim olunan maraqlı musiqi nömrələri böyük rəğbətlə qarşılandı.
Əsası 1921-ci ildə qoyulmuş Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) neçə-neçə nəsillərin fərdi istedad və bacarığını üzə çıxaran, insanları doğma, isti bir ocaq kimi öz ətrafında cəmləyən tədris, sənət və elm ocağıdır. BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası isə 1980-ci ildə sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovun müəllif layihəsi üzrə yaradılıb.
Əsrlər keçsə, nəsillər dəyişsə də, yeni gələn nəsil sənət aləmindəki böyüklərin ənənələrinə sadiq qalaraq onları yaşadır, davam və zəmanəyə uyğun inkişaf etdirirlər. İstər məktəb-studiyanın, istərsə də BMA-nın məzunları musiqi mədəniyyətimizi dünya miqyasında daima yüksək səviyyədə təbliğ edirlər. Onlar öz sələflərinin yolunu bu gün də yeni yaradıcılıq axtarışları apararaq uğurla davam etdirirlər.
Nərgiz Qulamova
musiqişünas