Mədəni irs turlarının təqdimatı olacaq
   
   “Miras” mədəni irsin öyrənilməsinə kömək İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyası iyunun 11-də Ağsu şəhərində KİV nümayəndələri üçün “Ağsuda aparılan arxeoloji tədqiqatların ən yeni nəticələri” və “Şirvan xəzinəsinə aparan yollar” mədəni irs turlarının təqdimatına həsr olunmuş brifinq keçirəcək.
   İctimai Birliyin rəhbəri, Ağsu arxeoloji ekspedisiyasının rəis müavini, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlillinin verdiyi məlumata görə, brifinq iştirakçıları “Şirvan xəzinəsinə aparan yollar” mədəni irs turuna daxil olan Diri Baba türbəsini (Qobustan) və Şamaxı rayon Tarix Diyarşünaslıq Muzeyini ziyarət edəcəklər. İştirakçılar Ağsuda aparılan qazıntılarla, bərpa və konservasiya işləri ilə tanış olacaq, arzu edənlərə qazıntı işlərində iştirak etmək imkanı yaradılacaq. Mədəni irsin təbliğində fəal iştirak edən KİV nümayəndələrinə “Miras” İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyasının xüsusi diplomları təqdim ediləcək.