Kurslarda Xaçmaz, Quba və Qusardan 120-dək mehmanxana əməkdaşı iştirak edib
   
   Ölkəmizin turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kurslarının ikinci mərhələsi iyunun 9-da başa çatıb. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə təşkil etdiyi təlim kursları Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən «Atlant» istirahət mərkəzində keçirilib.
   İyunun 2-də başlanan və Xaçmaz, Quba, Qusar rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün təşkil olunmuş kurslarda 120 nəfərə yaxın dinləyici iştirak edib.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, kurslarda iştirak edən mehmanxana əməkdaşlarına sertifikatlar təqdim edilib. Tədbirdə Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev, Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin nümayəndəsi iştirak edib. Qeyd edək ki, bir həftə davam edən təlim kursları 4 istiqaməti əhatə edib. Bunlar hotel idarəçiliyi, masa xidməti, qeyd-qəbul və mərtəbə xidmətləri-xadiməçilik ixtisaslarıdır.
   
   Fəxriyyə