Xarici İşlər Nazirliyində fotosərgi

 

Xəbər verdiyimiz kimi, yanvarın 14-də Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik münasibətlərin  yaradılmasının 30 ili tamam olub. Əlamətdar yubiley münasibətilə Xarici İşlər Nazirliyində fotosərgi keçirilib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov sərginin açılışında çıxış edərək bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra ilk diplomatik əlaqələr məhz Türkiyə ilə qurulub. Bu əlaqələr iki ölkə arasında münasibətləri yeni mərhələyə keçirib.

Diqqətə çatdırılıb ki, diplomatik münasibətlərimizin 30 illiyi münasibətilə xarici işlər nazirləri arasında qarşılıqlı olaraq təbrik məktubları göndərilib: “Türkiyə ən çətin dövrlərdə Azərbaycan ilə birlikdə olub. Ölkələrimiz arasındakı qardaşlıq münasibətləri bütün dünyaya örnəkdir. Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarları qardaşlığımızın mənəvi-ideoloji əsasını təşkil edir”.

Nazir müavini çıxışında 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana qardaşlıq dəstəyi göstərdiyini xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan bunu heç vaxt unutmayacaq. Vətən müharibəsində qazanılan şanlı Zəfər təkcə Azərbaycanın yox, bütün Türk dünyasının Qələbəsidir. Müharibədən sonra regionda yeni reallıqlar yaranıb və bölgədə Türkiyənin mövcudluğu gücümüzə güc qatır.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ölkəsinin tarix boyu azərbaycanlı qardaşlarına dəstək olmağa çalışdığını bildirib: “Çanaqqala döyüşündə azərbaycanlı qardaşlarımız bizə kömək edib, fədakarlıq göstəriblər. Nuru paşa da Azərbaycanın çətin anlarında qardaşlarımızın köməyinə gəlib. Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana həm mənəvi, həm də siyasi dəstəyini əsirgəmədi. Biz bütün sahələrdə, o cümlədən beynəlxalq platformalarda daim bir-birimizin yanındayıq. Şuşa Bəyannaməsinin imzalanması əlaqələrimizin zirvəsi oldu. Biz birlikdə bir çox layihələrə imza atmışıq və bunu davam etdirəcəyik”.

Çıxışlardan sonra sərgiyə baxış keçirilib.