270 yaşlı Şuşa şəhərimizin adı ilə şərəflənən 2022-ci il eyni zamanda sənət irsiyyəti Şuşadan qaynaqlanan dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun 100 illik yubiley təntənəsi ilə yadda qalacaq. Böyük bəstəkar musiqi xəzinəmizə dəyərli töhfələr bəxş edib, şöhrəti yaxın-uzaq ölkələri dolaşan əsərlər yazıb. Yubiley ili görkəmli bəstəkarın zəngin yaradıcılığına silsilə yazılarla nəzər salmaq üçün zəmin olacaq. Bu yazıda musiqi xadiminin erkən yaradıcılıq dövrü haqqında söz açacağıq.
Fikrət Məşədi Cəmil oğlu Əmirov 22 noyabr 1922-ci ildə Gəncə şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Dövrünün professional tarzəni və bəstəkar kimi tanınan atası musiqi, mədəniyyət beşiyimiz Şuşadan idi. Böyüdüyü zəngin sənət mühiti Fikrətdə erkən çağlardan musiqiyə maraq oyadır. Musiqiçi kimi yetişməsində isə atası Məşədi Cəmilin böyük təsiri olur.
Şuşanın zəngin musiqi mühitinində yetirməsi olan Məşədi Cəmil oğlu Əmirov (1875-1928) bir müddət İstanbulda yaşamış, professional musiqiçi kimi yetişmiş, bir sıra musiqi alətlərində ifa etməyi öyrənmişdi. Vətənə döndükdən sonra Gəncə şəhərində yaşamağa qərar verib. 1912-ci ildə “Heyratı” muğamını nota köçürüb və “Şəhbalı” jurnalında çap etdirib. Sonra Riqa şəhərində “Qrammofon” şirkətində bir sıra muğam və xalq mahnılarını vala yazdırır. O, bəstəkar kimi də özünü sınayıb, 1915-ci ildə “Seyfəl-mülk” adlı opera yazıb. 1923-cü ildə Gəncədə ilk musiqi məktəbini yaradır. Məktəbin açılışında Üzeyir Hacıbəyli də iştirak edir, tədris proqramlarının hazırlanmasında, eləcə də Moskva, Kiyev və Sankt-Peterburqdan musiqi mütəxəssislərinin dəvət edilməsində yardımçı olur...
Atası dünyasını dəyişəndə Fikrətin 6 yaşı vardı və onun üçün həyatın çətinlikləri də elə o andan başlanmışdı. Ancaq çətinliklər onu yolundan döndərmir. Elmə, sənətə sıx bağlanaraq ata yolunu ləyaqətlə davam etdirir. O, hələ şagird ikən məktəbin tədbirlərində fəallıq göstərir. Bakı və Gəncə şəhərlərində keçirilən uşaq olimpiadalarına qatılır. 1930-cu illərdə dahi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Gəncədə təşkil edilən ansambla tar ifaçısı kimi daxil olur. Professional musiqiçi olmaq məqsədilə 1938-ci ildə Bakı şəhərinə gəlir. 1939-cu ildə Bülbül və Üzeyir bəyin məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasına (indiki BMA) daxil olur. Fikrət bundan sonra əsl yaradıcılıq fəaliyyətinə başlayır.
Onun da gənclik illəri qanlı-qadalı illərə – II Dünya müharibəsinə təsadüf edir. 1941-ci ilin noyabrında 19 yaşlı Fikrət Əmirov orduya çağırılır. Rabitəçilik kursunda təhsil almaq üçün 3 ay müddətinə Tiflis şəhərinə göndərilir. Kursu başa vurduqdan sonra 1942-ci ilin iyununda Voronej cəbhəsinə yola salınır. Anasına məktubunda yazırdı: “Sevimli anam və bacılarım! Mən sağ və salamatam. Mənim cəbhə yolum çox uzun oldu. Rostov vilayətini keçmişəm. Bu məktubu sizə Voronej vilayətinin Liski şəhərindən yazıram. Don çayını da keçmişik. Moskvaya yaxınlaşırıq. Hər tərəf qardır. Hələlik heç bir maraqlı hadisə baş verməyib. Məndən Musaya, Adilə xalaya və bütün dost və tanışlara salam yetirin. Öpürəm səni...”.
Fikrət Əmirov bacısı Yaxşı xanıma məktubunda isə təmas xəttində başına gələnlər barədə məlumat verir: “...Gecə qaranlığında ön xəttə yaxınlaşarkən təmiz alman danışığı eşitdik. Bir qədər sonra keçmiş dostlarımdan biri faşistlərin olduğu yeri təyin etmək istədi. Başını daş-qayadan çıxarar-çıxarmaz qəflətən avtomat atəşləri səsləndi və dostum yerə sərələndi, güllə onun başını yaralamışdı. Dostumuzun başını sarıdıqdan sonra səhərədək orada qaldıq, ayaqlarımız tamamilə donmuşdu. Hava işıqlaşanda hissə əsgərləri bizi tapdılar və Bryansk şəhərinin hərbi hospitalına müalicəyə göndərdilər”.
Araşdırmalarda qeyd edilir ki, xəstəxanada olarkən Fikrət Əmirov ağır mədə yarasından da əziyyət çəkir. Daha sonra cərrahi əməliyyat edilir. Sağaldıqdan sonra orada bir neçə musiqiçidən ibarət ansambl yaradır. Özü həm ansambla rəhbərlik edir, həm də rus xalq çalğı aləti olan mandolinada ifa etməyi öyrənir. Həmin ansamblın repertuarına Azərbaycan xalq mahnı və rəqslərini də daxil edən gənc musiqiçinin bu təşəbbüsü xəstəxana rəhbərliyi tərəfindən təqdirlə qarşılanır. O, bu ansamblla hospitalda tez-tez konsertlər təşkil edir, hərbçilərdə döyüş ruhunu artırır. Bəstəkar 1942-ci ilin noyabrında xəstəliyi ilə əlaqədar ordudan tərxis olunur.
O, əvvəlcə Gəncəyə gəlir və bir ilə qədər burada qalır. Yaradıcılıq fəaliyyətini davam etdirir. Gəncə Dövlət Filarmoniyasında işə başlayır, eyni zamanda musiqi məktəbinə rəhbərlik edir. Sonra Gəncə Dövlət Dram Teatrında baş rejissor Mehdi Məmmədovla birgə işləyir. Bir neçə tamaşaya musiqi yazır. Lakin yarımçıq qalmış təhsili və yaradıcılıq eşqi onu 1943-cü ildə yenidən Bakıya qaytarır.
Fikrət Əmirov konservatoriyada təhsilini davam etdirməklə bərabər, yeni yaradıcılıq ideyalarını həyata keçirmək üçün çalışır. 1943-cü ildə cəbhə təəssüratlarını özündə əks etdirən “Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə” adlı simfonik poemasını yazır. Bəstəkar bu əsəri müharibədə həlak olmuş yaxın dostu Məmməd İsrafilzadəyə həsr edir...
Fikrət Əmirov gələcəkdə musiqi mədəniyyətimizin incisi olacaq, ölkəmizin, habelə dünyanın məşhur səhnələrinin bəzəyinə çevrilən əsərlər yazacaqdı. Bəstəkarın opera, balet, simfoniyalar, simfonik muğamlar, simfonik poemalar, süitalar, fortepiano üçün konsertlər və digər janrlarda əsərləri, eləcə də mahnıları, film və tamaşalara yazdığı musiqilər onun adını mədəniyyət və incəsənət tariximizə əbədi həkk edib...
Savalan Fərəcov