Gürcü ifaçılar da çıxış ediblər

 

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində Azərbaycan musiqisi gecəsi keçirilib.

Tədbir çərçivəsində Azərbaycanın sənətkarlıq nümunələri – xalçalar, milli musiqi alətləri, məişət əşyaları, əl işi olan gəlinciklər də sərgilənib.

Konsert Azərbaycanın zəngin mədəniyyətini bir daha nümayiş etdirmək, Azərbaycanla Gürcüstan arasında dostluq və mədəni əlaqələri inkişaf etdirmək məramı ilə təşkil edilib.

Musiqi gecəsində Azərbaycanın Əməkdar artistləri – Nərgiz Əliyeva (piano) və Fəridə Məlikova (kamança) bəstəkar və xalq mahnılarını ifa ediblər. Fəridə Məlikovanın kamançada ifa ilə bərabər mahnıları həm də oxuması alqışlarla qarşılanıb. Tamaşaçılar bəzi mahnıları onunla birlikdə ifa ediblər.

Konsertdə, həmçinin azərbaycanlı musiqiçilərin müşayiəti ilə Tbilisi Opera və Balet Teatrının solisti Armaz Daraşvili “Tbiliso” mahnısını, opera müğənnisi İamze Urumaşvili isə “Sənsiz” romansını ifa edib.

Proqramda aşıq Nargilə Mehdiyeva da çıxış edib. Onun gürcü müğənni Dito Kisişvili ilə birgə ifa etdiyi Azərbaycanın “Ay bəri bax” xalq mahnısı alqışlarla qarşılanıb. Azərbaycan və gürcü dillərində duet mahnı tamaşaçılara ilk dəfə bu konsertdə təqdim olunub.

Musiqi gecəsində Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşları, Gürcüstanın mədəniyyət xadimləri, azərbaycanlı ziyalılar və gənclər iştirak ediblər. Proqram dinləyicilərə xoş ovqat bağışlayıb.

Sonda ifaçılara Azərbaycan musiqisinin təbliğinə görə təşəkkürnamələr təqdim olunub. Səfirliyin müşaviri Eldar Bayramov çıxış edərək konsertin təşkilatçılarına və ifaçılara təşəkkür edib.