Qazaxıstanın Aktau şəhərində Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetində Azərbaycan mərkəzinin açılış mərasimi keçirilib.

Tədbirdə universitetin rektoru Berik Axmetov, Azərbaycanın Aktaudakı baş konsulu Elmar Məmmədov, Mangistau Vilayətinin İnvestisiya və Turizm Departamentinin rəhbəri Venera Mustapayeva, Azərbaycan Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov və başqa qonaqlar iştirak ediblər.

Mərkəz universitetdə təhsil alan tələbələr arasında Azərbaycanın mədəniyyəti və tarixi, adət-ənənələri, habelə dilinin tanıdılması və təbliği üçün imkan yaradacaq.

Universitetin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, soydaşımız İlkin Orucov mərkəzin direktoru təyin edilib.

Tədbir çərçivəsində universitet ilə Azərbaycanın Aktaudakı Baş Konsulluğu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Universitetdə Azərbaycan mərkəzindən əlavə, İran mərkəzi var və Türkiyə mərkəzinin də açılması planlaşdırılır.