Yaponiyanın Yamato şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, musiqi axşamı Yaponiyada yaşayan soydaşımız, fortepiano ifaçısı Gülnarə Azuma-Səfərovanın və yapon həmkarlarının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Həmvətənimiz yapon musiqiçiləri ilə birlikdə Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov və Tofiq Quliyevin əsərlərini ifa edib. Azərbaycan milli geyimində səhnəyə çıxan yapon müğənninin bəstəkar Tofiq Quliyevin “Zibeydə” mahnısını azərbaycanca ifa etməsi tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Qeyd edək ki, pianoçu, beynəlxalq müsabiqələr laureatı, pedaqoji elmlər doktoru Gülnarə Azuma-Səfərova Bakı Musiqi Akademiyasını (BMA) bitirib. 1997-2007-ci illərdə BMA-nın dosenti olub. 2008-ci ildə Yaponiya vətəndaşı ilə ailə qurduqdan sonra bu ölkədə yaşayan soydaşımız Azərbaycan musiqisinin tanıdılması və təbliğ olunması məqsədilə yapon musiqiçiləri ilə birlikdə müxtəlif layihələr həyata keçirir.