Dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun 100 illik yubileyi onun yaradıcılığının daha geniş miqyasda tanıdılmasına vəsilə olacaq. Bu il dahi musiqiçinin yubileyi UNESCO səviyyəsində də qeyd ediləcək.
Fikrət Əmirovun dünya musiqi xəzinəsinə bəxş etdiyi ən böyük inci “Min bir gecə” baletidir. Müxtəlif ölkələrin səhnələrini fəth edən balet 2020-ci ildə həmvətənimiz, Rusiyanın Əməkdar incəsənət xadimi, Sankt-Peterburq Mariinski Teatrı Primorsk filialının (Vladivostok şəhəri) balet truppasının bədii rəhbəri Eldar Əliyevin quruluşunda yenidən səhnələşdirilib və müxtəlif şəhərlərdə, festivallarda nümayiş olunur.
17-18 və 22-23 yanvar tarixlərində Sankt-Peterburq şəhərində, Mariinski Teatrının yeni səhnəsində böyük bəstəkarın 100 illiyi münasibətilə “Min bir gecə” baletinin növbəti nümayişi gerçəkləşib.
Mariinski Teatrının Primorsk truppasının təqdim etdiyi tamaşaları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib. Qastrolun ayrı-ayrı axşamlarında əsas partiyalarda truppanın artistləri Sergey Umanets (Şəhriyar), Liliya Berejnova (Nuridə), Anna Samostrelova, eləcə də yaponiyalı Saki Nisida (Şəhrizad), braziliyalı Qilerme Junino (kölə) və Mariinski Teatrının aparıcı səhnə ustaları Renata Şakirova (Şəhrizad), Nikita Korneyev (Şəhriyar) və Yekaterina Çebıkina (Nuridə) ifa ediblər.
Qeyd edək ki, Mariinski Teatrının Primorsk filialının Sankt-Peterburqa qastrol proqramı çərçivəsində Eldar Əliyevin quruluşunda P.Çaykovskinin “Yatmış gözəl” və A.Adanın “Korsar” baletləri də uğurla təqdim olunub. Kollektivin qastrol səfəri Fikrət Əmirovun “Min bir gecə” baleti ilə yekunlaşıb.
Dörd axşam nümayiş olunan tamaşa anşlaqla keçib. Primorsk səhnəsinin solisti Anastasiya Kikot (soprano) tamaşanı öz ifası ilə zənginləşdirib. Əsərin tar partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramin Əzimov və Primorsk səhnəsinin solisti Nadejda Medvedeva ifa ediblər. Yanvarın 23-də tamaşadan sonra Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova yaradıcı heyətlə görüşüb, səhnə işinin uğurlu təqdimatına görə kollektivə təbriklərini çatdırıblar.
Xatırladaq ki, Mariinski Teatrı Primorsk səhnəsinin truppasının ötən ilin yanvarında Sankt-Peterburqa qastrolunda da Fikrət Əmirovun sənət incisi dörd gecə alqışlanmışdı.
Beləliklə, Fikrət Əmirovun yubiley ilinin ilk böyük sənət nümayişi Rusiyanın əsas balet səhnəsində gerçəkləşib. Böyük bəstəkarın ecazkar musiqisi məşhur həmyerlimizin xoreoqrafik quruluşunda yenidən Mariinski Teatrının səhnəsini fəth edib.
Lalə Azəri