Azərbaycan instrumental muğam ifaçılığı XIX-XX əsrlərdə ən böyük inkişaf mərhələsinə yüksəlmişdir. Bu dövrdə artıq instrumental muğamlar xalq arasında geniş yayılmış və çox istedadlı ifaçılar yetişmişdir. Bu tükənməz mənbədən qidalanan Azərbaycan ifaçılıq məktəbini keçən Arif Əsədullayev dünyanın 20-dən artıq ölkəsində xalq musiqisini uğurla təmsil etmiş, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, İslam Rzayev, Elmira Rəhimova, Səkinə İsmayılova, Ağaxan Abdullayev və başqa tanınmış ifaçıları müşayiət edərək, ulu kamança alətinin ustad əlində nəyə qadir olduğunu göstərməyə çalışmışdır.
Zəngin ifaçılıq təcrübəsi olan Arif Əsədullayev 1967-ci ildən 1997-ci ilə qədər Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində müəllim işləyib, həmin ildən bu günə kimi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının professoru kimi pedaqoji fəaliyyətini davam etdirir. Peşəkar ifaçı və təcrübəli pedaqoq bir çox tədris proqramlarının, elmi məqalələrin, “Çahargah” adlı tədris videofilminin (1999), Əməkdar müəllim, ustad xanəndə Nəriman Əliyevin 70 illiyinə həsr olunmuş kompakt diskin müəllifidir. O, Azərbaycanın yeddi əsas instrumental muğamını – “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Humayun”u ilk dəfə olaraq nota yazmışdır. Təhsil Nazirliyi Elmi-metodiki şurasının təsdiq etdiyi bu instrumental dərs vəsaitlərinin redaktoru müəllifin həyat yoldaşı, Xalq artisti, professor Şəfiqə Eyvazovadır. Muğam sənətinin qorunub saxlanılmasında müstəsna xidmətləri olan Arif Əsədullayevin nota aldığı bu muğamlar müəllim və tələbələrin, musiqi ictimaiyyətinin, bəstəkar və musiqişünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin yararlana biləcəyi çox lazımlı tədris vəsaitidir. Nota salınmış bu muğamlar muğamat elminin tədqiqi və təbliği ilə məşğul olanlar və ifaçılar üçün əsl istinad mənbəyidir. Bundan başqa, Arif Əsədullayev xarici ölkə bəstəkarlarının kamança ilə fortepiano üçün işlənmiş irihəcmli əsərlərinin, Xalq artisti, professor Eldar İsgəndərovla birlikdə “7 klassik Azərbaycan muğamı” solo violonçel üçün işlənmiş dərs vəsaitinin, “Əhsən Dadaşovun rəngləri” metodik tövsiyə, “İnstrumental muğamlar və onların ifaçılıq məziyyətləri” monoqrafiyasının müəllifidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və dəstəyi ilə nəşr edilmiş “Azərbaycan muğamı” toplusunda 7 əsas muğamın notları da təqdim olunmuşdur. Sevindirici haldır ki, Arif Əsədullayev tərəfindən nota alınmış qədim muğamların notları gələcək nəsillər tərəfindən daim öyrəniləcək və əsrlərlə yaşayacaq.
Bu günlərdə 73 yaşını qeyd edən Arif Əsədullayevin ömür səhifəsini vərəqlədikcə onun ömrünün 50 ildən çox hissəsini kamança sənətinin təbliğinə və pedaqoji fəaliyyətə sərf etdiyini görürük. Ürəyi Vətən üçün döyünən sənətkarımızın zəngin fəaliyyəti haqqında böyük bəstəkarımız Arif Məlikovun sözlərini yada salmaq istərdim: “Arif Əsədullayevin gördüyü iş təkcə sənətşünaslıq baxımından deyil, bir vətəndaşlıq xidməti kimi də çox mühümdür. Muğamların nota alınaraq nəşr edilməsi, onların milli mənsubluğu ilə bağlı sərvətimizə uzanan qərəzli, xain əllərin birdəfəlik kəsilməsi deməkdir”.
Arif Əsədullayev böyük bəstəkara söz verəndən sonra 12 muğamı – “Mahur-hindi”, “Orta mahur”, “Bayatı-Qacar”, “Dügah”, “Vilayəti-Dilkeş”, “Qatar”, “Şahnaz”, “Nəva”, “Rahab”, “Bayatı-kürd”, “Dəşti”, “Xaric segah” muğamlarını da nota yazıb. Bu da Arif müəllimin öz işinə, peşəsinə olan məsuliyyətindən irəli gəlir. Onun “Azərbaycanın klassik 12 instrumental muğamı” kitabı işıq üzü görüb. Arif müəllim etiraf edir ki, muğamları nota salmaq həm maraqlı, həm də çox çətin işdir. Onu da qeyd etmək çox vacibdir ki, “Rast” ailəsinə daxil olan muğamlar qətiyyən eyni fəlsəfi fikri daşımır. “Rast” muğamı dinləyicidə nəsihət hissi aşılayırsa, “Mahur-hindi” mərdlik, döyüşkənlik, müharibə əhvalını nümayiş edir, qəhrəmanlıq ruhunu yaşadır. “Orta mahur” xalq qəhrəmanının obrazını yaradır, onun əzəmətini, mübarizliyini, yenilməzliyini dinləyici qarşısında tərənnüm etdirir. Hər hansı bir muğam dəsgahını öz səs sırasında ifa etmək lazımdır və vacibdir. Bu o deməkdir ki, hər hansı bir muğam dəsgahı temperasiya olunmuş səs yüksəkliyində (si kökündə), öz səs sırasında ifa olunmalıdır.
Arif Əsədullayev qızğın iş rejiminə baxmayaraq, bu gün də elmi fəaliyyətini davam etdirir, BMA-nın Elmi-tədqiqat laboratoriyasının əməkdaşları ilə bərabər “Azərbaycanın xalq çalğı aləti – kamança” adlı monoqrafiya, “Azərbaycan muğam ensiklopediyası” məcmuəsi üzərində işləyir. Arif müəllimin gələcək planları da çoxdur. O, “Çahargah” instrumental muğamı” adlı seminar keçirmək və 22 il əvvəl çəkdiyi “Çahargah” muğamı haqqında tədris filmi”ni nümayiş etdirmək fikrindədir.
Sonda fikrimi Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin Arif Əsədullayev haqqında dediyi sözlərlə bitirmək istəyirəm: “Qədim tarixə malik Azərbaycan musiqi təfəkkürünün məhsulu olan, peşəkar xalq musiqisi ifaçılarının əməyi nəticəsində şifahi ənənəli professional formaya yiyələnən Azərbaycan instrumental muğamlarını dəqiqliklə nota salan Arif Əsədullayev xalqımızın musiqi mədəniyyətinin ruhunu tutmuş və bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlmişdir. Mən mübaliğəsiz deyirəm ki, Üzeyir bəyin arzularının biri olan muğamlarımızın temperasiya olunmuş səslərlə, 12 pilləli not sistemində yazıya salınması ilə Arif Əsədullayev ilk ifaçıdır ki, öz təmənnasız zəhməti ilə şifahi ənənəli Azərbaycan muğamları üçün Avropaya pəncərə açmışdır. Artıq Avropa və eləcə də bütün dünya musiqiçiləri Azərbaycan instrumental muğamlarının not yazısı ilə tanış olub, istədikləri musiqi alətində onu ifa edə bilərlər. Müəllifin bu fundamental işindən elmi məqsədlər üçün istifadə etmək məqsədəuyğundur. Azərbaycan klassik instrumental muğamlarını nota almaqla peşəkarlığın zirvəsində duran Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev professional muğam bilicisi, böyük pedaqoq və sözün əsl mənasında, vətənpərvər insandır...”.
Nigar Bayramova
Ü.Hacıbəyli adına BMA-nın elmi işçisi, doktorant