Türkiyənin nüfuzlu “Türkiyə” qəzetində Azərbaycanın qardaş ölkədəki səfirliyinin təşəbbüsü ilə dərc olunmuş “Naxçıvan türk iş adamlarını gözləyir” başlıqlı məqalədə Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı və turizm imkanlarından bəhs olunur.
   Məqalədə vurğulanır ki, Türkiyəni bu ölkənin Asiyaya qapısı olan və son 15 ildə mühüm sosial və iqtisadi nailiyyətlər qazanmış muxtar respublika ilə yalnız 11 kilometrlik sərhəd deyil, habelə etnik, dini və tarixi köklərlə bağlılıq birləşdirir. Bu bərəkətli diyar qardaş Türkiyənin iş adamlarını gözləyir.
   Yazıda qeyd olunur ki, bu qədim diyar Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini ilk olaraq elan edib. Ulu öndər Heydər Əliyev Azərbaycan dövləti və xalqı üçün müstəqillik prosesini buradan başladıb. Qəzet muxtar respublikada həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində iqtisadi tərəqqiyə nail olunduğunu da vurğulayır.
   Naxçıvanın sərmayə qoyulacaq sahələrindən bəhs edilən bölmədə qeyd olunur ki, burada sement, duz, şüşə, xalça, tekstil istehsalı, hidroelektrik stansiya, qida sənayesi sahələri üzrə müəssisələr fəaliyyət göstərir. Turizm sektorunda da geniş imkanlara malik olan muxtar respublikada Əshabi-Kəhf ibadət yeri və “Duz dağı” sanatoriyası minlərlə turistin gəldiyi məkanlardır. 

   F.Abdullayeva