Leonid Kuravlyov vəfat edib
Rusiyanın Xalq artisti, bir sıra filmlərdən Azərbaycan tamaşaçısına da yaxşı tanış olan Leonid Kuravlyov yanvarın 30-da, 86 yaşında vəfat edib. Aktyor bir müddət əvvəl ağciyər sətəlcəmi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Leonid Vyaçeslavoviç Kuravlyov 8 oktyabr 1936-cı ildə Moskvada fəhlə ailəsində anadan olub. Uşaqlığı asan keçməyib. Atası çilingər, anası isə qadın bərbəri işləyirdi. O, beş yaşında olanda Böyük Vətən müharibəsi başlayır və anası saxta ittihamla Şimala sürgün olunur. Balaca Leonid də anası ilə birlikdə sürgünə gedir. Maraqlıdır ki, sovet kinosunun ulduzuna çevrilən sənətçi Şimalda keçirdiyi uşaqlıq həyatını “xoşbəxt illər” kimi xatırlayırdı...
1955-ci ildə Leonid Kuravlyov Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VQİK) Aktyor sənəti fakültəsinə (Boris Bibikovun kursu) daxil olur. 1960-cı ildə M.Şveytsarın tarixi-inqilabı ekran əsəri olan “Miçman Panin” filmində matros rolunu oynayır. Kinoda ilk böyük uğuru 1964-cü ildə Vasili Şukşinin “Belə bir oğlan yaşayır” filmində oynadığı baş rol ilə qazanır.
2015-ci ilədək kinoda çəkilən Leonid Kuravlyov yaradıcılığı dövründə 200-dək rol ifa edib. Aktyorun ən sevilən və yaddaqalan personajlarından biri rejissor Georgi Daneliyanın “Afonya” filmindəki çilingər Afanasi Borşov obrazıdır. Ekranlara 1975-ci ildə çıxan film həmin il sovet prokatının lideri (62 milyon baxış) olmuşdu. Bu rol aktyora ümumxalq sevgisi və geniş şöhrət gətirir. Kuravlyov, həmçinin “İvan Vasilyeviç peşəsini dəyişir”, “Görüş yerini dəyişmək olmaz”, “Həyat üçün təhlükəlidir” və digər filmlərdəki rolları ilə tanınır.
Lalə