Doqquz gün ərzində 19 film göstəriləcək

 

2022-ci ilin 7-15 fevral tarixində Moskvadakı “İllüzion” (“Иллюзион”) kinoteatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə tamaşaçılara Azərbaycan kinosunun geniş retrospektivini təqdim edəcək.

Proqramda Azərbaycan kinosunun ötən əsrin 30-cu illərinə aid  səssiz filmlərindən başlayaraq müxtəlif dövrlərdə, eləcə də sovet dövrünün son illərində çəkilmiş filmlər, həmçinin müasir rejissorların beynəlxalq kinofestivallarda uğur qazanmış ekran əsərləri nümayiş olunacaq.

Ümumilikdə 19 ekran əsərindən ibarət proqrama komediya və triller, nağıl və detektiv hekayələr, sevgi hekayələri, sosial dramlar və sürrealist pritçalar daxildir. Nümayişlər kino tənqidçilərinin mühazirələri və rejissorlarla görüşlərlə müşayiət olunacaq.

Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri, rejissor, proqramın Azərbaycan tərəfdən kuratoru Rüfət Həsənov layihə haqqında məlumat verərək bildirib ki, Azərbaycanla Rusiya mədəniyyət, xüsusilə kinematoqrafiya sahəsində səmərəli əməkdaşlıq edir. O xatırladıb ki, 2021-ci ilin sonlarında (8 noyabr – 5 dekabr) Azərbaycanın və Rusiyanın Mədəniyyət nazirlikləri və “Roskino”nun dəstəyi ilə “KinoPoisk” platforması üzərindən Azərbaycan tamaşaçıları üçün ilk dəfə onlayn formatda “Rusiya Film Festivalı” keçirilib: “İndi isə Moskvanın “İllüzion” kinoteatrında Azərbaycan kinosunun genişmiqyaslı retrospektivinə start verilir. Biz əminik ki, bu tədbir çoxsaylı kinosevərlərdə böyük maraq doğuracaq...”.

“Biz Azərbaycan kinosunun yəqin ki, Moskvadakı ilk irimiqyaslı proqramını təqdim etməkdən məmnunuq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq sayəsində təkcə bizim Dövlət Film Fondunda saxlanılan sovet dövrünün filmlərini deyil, həm də yenidənqurma dövrünün kinosunu və müasir Azərbaycan “yeni dalğa”sının ən yaxşı nümunələrini nümayiş etdirəcəyik” – bu sözləri isə proqramın Rusiya tərəfdən kuratoru, “İllüzion” kinoteatrının bədii rəhbəri Aleksandra Lavrova deyib. O bildirib ki, ekran əsərlərinin çox hissəsi 35 mm-lik kinolentdən nümayiş etdiriləcək: “Filmlərin rəqəmsal nüsxələri Azərbaycan Dövlət Film Fondu tərəfindən bizə təqdim olunub. Bu filmləri indi böyük ekranda görmək, demək olar ki, qeyri-mümkündür. Ona görə də hər yaşdan olan kinosevərləri əsl ziyafət gözləyir...”.

Retrospektiv 2021-ci ildə Rotterdam Film Festivalında premyerası olmuş “Sonuncu” filminin (rejissor Fariz Əhmədov) nümayişi ilə açılacaq.  Proqram “Dəcəl dəstə” (1937, rejissorlar Qəmər Salamzadə, Aleksandr Popov), “Mavi dənizin sahilində” (1936, rejissor Boris Barnet), “Sehrli xalat” (1964, Əlisəttar Atakişiyev), “Uzaq sahillərdə” (1958, Tofiq Tağızadə), “Özgə vaxt” (1996, Hüseyn Mehdiyev), “Hər şey yaxşılığa doğru” (1997, Vaqif Mustafayev), “Yarasa” (1995, Ayaz Salayev) filmləri ilə davam edəcək.

Bundan əlavə, “Bir cənub şəhərində” (1969, Eldar Quliyev), “Şərikli çörək” (1969, Şamil Mahmudbəyov), “Bizim Cəbiş müəllim” (1969, Həsən Seyidbəyli), “İstintaq” (1979, Rasim Ocaqov), “Şeytan göz qabağında” (1987, Oktay Mir-Qasım), “Qətldən yeddi gün sonra” (1991, Rasim Ocaqov), “Balıqçının qızı” (2019, İsmayıl Səfərəli), “Səpələnmiş ölümlər arasında” (2020, Hilal Baydarov), “Duz, istiot zövqə görə” (2019, Teymur Hacıyev), “Axşama doğru” (2020, Teymur Hacıyev) və “Daxildəki ada” (2020, Rüfət Həsənov) filmləri nümayiş olunacaq.

Qeyd edək ki, hazırda Moskvada Azərbaycan kinosu ilə bağlı daha bir layihə davam edir. 22 yanvar – 20 fevral tarixləri arasında şənbə və bazar günləri Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda ötən əsrin 60-80-ci illərinin filmləri nümayiş olunur.