“Əbədiyyətə qovuşan ömür” filmi bərpa olunub

 

Fevralın 3-də Dövlət Film Fondunda “Əbədiyyətə qovuşan ömür” qısametrajlı filminə bərpadan sonra baxış keçirildi.

1987-ci ildə lentə alınan film Sovet Ordusu sıralarında hərbi xidməti zamanı Gürcüstan SSR-nin Xobi rayonunun Çaladidi kəndində təbii fəlakət zamanı öz həyatı bahasına yerli əhalini ölümün pəncəsindən xilas edən azərbaycanlı əsgər Rahib Məmmədovun (1967-1987) göstərdiyi hünərdən bəhs edir.

Ekran əsərinə baxışdan sonra çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev dedi ki, Rahibin qəhrəmanlığı sayəsində həmin fəlakət zamanı yüzlərlə insanın həyatı xilas edildi. Lakin özü qəhrəmancasına həlak oldu. Rahib Məmmədov ölümündən sonra “Qırmızı ulduz” ordeni ilə təltif edildi. Qəhrəmanın adı Azərbaycanda Döyüş Şöhrəti Muzeyində (Ağdamın Mahrızlı kəndi) yaşadılır, həmçinin onun adına küçə və məktəblər var.

Əməkdar incəsənət xadimi, filmin rejissoru Cahangir Zeynallı o dövrdə bu hadisə barədə gələcək nəsillərə örnək olsun deyə film çəkildiyini bildirdi. O, filmin ərsəyə gəlməsi prosesindən danışdı, çəkilişlərlə bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, həmin vaxtlar ekran işi kinoteatrlarda nümayiş olunub və televiziyalarda göstərilib. Kinolent daha sonra Film Fonduna təhvil verilib.

Rejissor söylədi ki, filmin texniki keyfiyyəti qənaətbəxş olmadığına görə bərpa etmək qərara alınıb: “Filmi bərpa edib əvvəlki vəziyyətinə qaytardıq. Ekran işi emosional gücə malikdir. Bu gün təqdimatına qatılan filmin bəstəkarı Firəngiz Əlizadəyə, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənova təşəkkür edirəm”.

Cahangir Zeynallı həmçinin diqqətə çatdırdı ki, Rahib Məmmədov o zaman Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməli idi. Lakin müxtəlif maneələr buna imkan vermədi. 

Ağcabədi RMİ-nin rəisi Qalib Həsənov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu çıxış edərək Rahib Məmmədovun qəhrəmanlığının gənc nəsil üçün örnək olduğunu söylədilər.

Sonda qəhrəmanın ailəsi adından onun adını daşıyan Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov çıxış edərək tədbirə qatılanlara təşəkkürünü bildirdi. Dedi ki, muzey 1987-ci ildə Rahibin doğulduğu Ağdamın Mahrızlı kəndində yaradılıb. Muzeydə onun şəxsi əşyaları, haqqında çıxan qəzet, jurnal məqalələri və kitablar sərgilənir. Muzeydə həmçinin Birinci Qarabağ müharibəsində canlarını qurban verən igid oğulların şəxsi əşyaları, məktubları, hərbi geyimləri nümayiş etdirilir.

Qeyd edək ki, “Əbədiyyətə qovuşan ömür” filminin rejissoru və ssenari müəllifi  Cahangir Zeynallı, bəstəkarı Firəngiz Əlizadə, operatorları Tofiq Sultanov və  Azər Salayev, səs operatoru Marat İsgəndərovdur.

L.Azəri