Turqut Gür: “Türkiyə Turizm Yatırımçıları Dərnəyi Azərbaycanın turizm sektoruna sərmayəçilərin cəlb olunmasına kömək edəcək”
   
   İyulun 1-də «Park İNN» hotelində Türkiyənin turizm sənayesinin nümayəndə heyəti Azərbaycanın turizm qurumlarının rəhbərləri ilə görüşdü. 
   Tədbiri giriş sözü ilə açan Türkiyə Turizm Yatırımçıları Dərnəyinin (TYD) sədri Turqut Gür bildirdi ki, Bakıya gəlməzdən bir gün əvvəl Azərbaycanın Qəbələ rayonunda olub, buranın turizm potensialı ilə tanışlıq imkanı əldə ediblər: «Etiraf edim ki, turizm sektorunun təmsilçisi kimi, Qəbələ rayonunda gördüklərimdən çox məmnun oldum. Müşahidələrim əsasında deyə bilərəm ki, 25 il əvvəl Türkiyədə turizm sahəsi yeni inkişafa başlayanda bizdə mövcud durum Azərbaycandakı hazırkı durumdan xeyli aşağı idi. Əgər bu sürətlə davam edərsə, Azərbaycan az vaxt içərisində turizm sahəsində çox böyük nailiyyətlərə imza atacaq».
   Bakıya ilk dəfə 1992-ci ildə gəldiyini xatırladan qonaq budəfəki səfər zamanı gördüklərindən yaxşı mənada heyrətə gəldiyini bildirdi: “Bakıda müqayisəyə gəlməz dərəcədə dəyişiklik gördüm. Bu isə turizm sahəsinin Azərbaycanda sürətli inkişafından xəbər verir. Bugünkü tədbirdə Türkiyənin turizm sektorunda öz sözünü deyə bilən 4 əsas qurumun təmsilçisi iştirak edir. Bu qurumların hər biri öz istiqaməti üzrə azərbaycanlı həmkarlarına kömək etməyə hazırdırlar».
   Gələn il Bakıda keçiriləcək «Eurovision» mahnı yarışmasına ciddi hazırlıq görüldüyünü deyən T.Gür bu sahədə Azərbaycan tərəfinə yardımçı olmaq niyyətlərini ifadə etdi. Qeyd olundu ki, xüsusilə hotellərdə xidmət səviyyəsinin yüksəldilməsi üçün daha çox işlər görülməlidir: «Bakıdakı hotellərin hamısında xidməti beynəlxalq standartlar səviyyəsinə qaldırmaq lazımdır. Bununla bağlı Azərbaycanın turizm sektorunun əməkdaşlarına Türkiyədə treninqlər keçiriləcək. Bundan əlavə, hotellərdə çalışmaq üçün işçi qüvvəsi azdır. Türkiyə təcrübəsi hər 100 hotel nömrəsi üçün 80 işçinin tələb olunduğunu göstərir. Azərbaycanda tələb olunan işçilərin sayını da bu üsulla hesablamaq olar. Amma yay mövsümündə göstərilən xidmətlərin həcmi və çeşidi artdığına görə tələb olunan işçilər də artır».
   T.Gürün sözlərinə görə, turizmin inkişafı ölkədə çoxlu sayda digər sahələrin inkişafına də təsir edir: «Həmin bölgədə enerji, nəqliyyat infrastrukturu yaxşılaşır, ərazi abadlaşır, ərzaq məhsullarının istehlakı artır, bu da həmin sahədə sənaye və kənd təsərrüfatının inkişafını sürətləndirir. Bir sözlə, bütün fəaliyyət sahələri canlanır”.
   Qonaq son vaxtlar Azərbaycanda dünyanın tanınmış brendlərinə məxsus hotellərin tikintisinin genişlənməsini müsbət hal kimi qiymətləndirdi. Türkiyəli mütəxəssisin fikrincə, Bakıda təkcə 5 deyil, 3 və 4 ulduzlu yeni hotellər də tikilməlidir: «Çünki turistlərin hamısının maddi imkanları eyni deyil».
   T.Gür onu da bildirdi ki, Türkiyə Turizm Yatırımçıları Dərnəyi Azərbaycanın turizm sektoruna sərmayəçilərin cəlb olunmasına kömək edəcək. Onun sözlərinə görə, ölkədə turizmin inkişafı üçün xüsusilə Xəzərin sahilində yeni turizm bölgələrinin yaradılmasına ehtiyac var.
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirdi ki, türkiyəli təmsilçiləri Azərbaycana dəvət etməkdə məqsəd iki ölkə arasında turizm sahəsində mövcud əlaqələri daha da genişləndirmək və qardaş ölkənin təcrübəsindən yararlanmaqdır: «Türkiyə turizmi böyük təcrübəyə malikdir. Azərbaycanda isə bu sahə yeni inkişaf edir. Ona görə də türkiyəli mütəxəssislərin tövsiyələrinə ehtiyacımız var».
   Türkiyə Turistik Hotelçilər və İşlətməçilər Birliyinin sədri Timur Bayındır rəhbərlik etdiyi quruma 400-dən çox hotelin üzv olduğunu bildirdi: «Bu mənim Azərbaycana ilk səfərimdir. Hotel sahəsində 45 illik təcrübəm var. Burada müşahidə etdim ki, xarici turistləri Azərbaycana cəlb etmək üçün bir çox layihələrin reallaşdırılmasına ehtiyac var. İlk növbədə isə ölkənin xaricdə geniş təbliğatını qurmaq lazımdır. Bu baxımdan nə kömək lazım olsa, göstərməyə hazırıq».
   Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) baş katibi Gülnur Özalp da təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verdi. Onun sözlərinə görə, TURSAB 30 il əvvəl yaranıb. Bu müddət ərzində həm daxili, həm də xarici turizm fəaliyyəti ilə məşğul olublar: “Türkiyəyə 30 milyon turist gəlir, 10 milyon isə başqa ölkələrə istirahətə gedir. Hazırda Türkiyə dünyada turizmin inkişaf etdiyi ölkələrin sıralamasında 7-ci yerdədir. İndi bizim qarşımızda duran əsas vəzifə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümündə (1923) ölkəmizə gələn turistlərin sayını 60 milyona çatdırmaqdır. Bu baxımdan qonşu və qardaş Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etməsi bizim üçün də faydalıdır. İstəyirik bizim təcrübəmizdən yararlanaraq, vaxtilə etdiyimiz səhvləri siz də təkrar etməyəsiniz».
   Türkiyədən gəlmiş digər mütəxəssislərin çıxışları ilə davam edən tədbir maraqlı diskussiyalarla yadda qaldı. Türkiyəli həmkarları Azərbaycanın turizm sektorunun təmsilçilərini maraqlandıran sualları cavablandırdılar.
   Sonda Azərbaycan Turizm Assosiasiyası ilə Türkiyə Turizm Yatırımçıları Dərnəyi arasında əməkdaşlıq haqqında memorandum imzalandı.
   
   Fəxriyyə Abdullayeva