Fevralın 10-da Almaniyanın paytaxtında Avropanın ən nüfuzlu üç kino forumundan biri olan “Berlinale” Beynəlxalq Film Festivalı açılıb.

72-ci “Berlinale”nin  əsas proqramında 27 tammetrajlı film (16 bədii, 11 sənədli), “Forum Special” proqramında isə 14 ekran əsəri var. Bundan əlavə, festivalın “Encounters”, “Generation 14+”, “Berlinale Series Market” kimi proqram və bölmələri də var.

Pandemiya ilə əlaqədar “Berlinale” formatını bir qədər dəyişib. Festivalın əsas müsabiqə filmlərinin (“Qızıl ayı” və “Gümüş ayı” uğrunda yarışanlar) nümayişi fevralın 16-dək keçiriləcək. Mükafatların təqdimetmə mərasimi də həmin gün olacaq. Bundan sonra isə fevralın 20-dək bütün “Berlinale” kinoteatrlarında festivalın filmlərinin təkrar nümayişi təşkil olunacaq. Pandemiya şərtlərinə görə “Berlinale” kinoteatrlarının tutumu kəskin şəkildə – 50 faizə qədər azaldılıb.