Amerika Kino Akademiyası 2022-ci il “Oskar” mükafatı uğrunda mübarizə aparacaq namizədlərin adını açıqlayıb.
Bu il “Ən yaxşı film” nominasiyasında 10 film rəqabət aparacaq. Onların arasında rejissor Ceyn Kempionun (Yeni Zelandiya) ötən ay “Qızıl qlobus” (Hollivud Xarici Jurnalistlər Birliyinin mükafatı) qazanmış “Köpəyin hökmranlığı” (“The Power of the Dog”) filmi də var. Stiven Spilberqin “Qərb tərəfin əhvalatı” (“West Side Story”) və Kennet Brananın (“Belfast”) filmləri də “Oskar”a iddiaçılar arasındadır.
Kennet Brana, Ryusuke Hamaquti, Pol Tomas Anderson, Ceyn Kempion və Stiven Spilberq “Ən yaxşı rejissor” adı uğrunda mübarizə aparacaqlar.
“Ən yaxşı aktrisa” kateqoriyasında qalib olmaq üçün Nikol Kidman (“Rikardo olmaq”), Oliviya Kolman (“Yad qız”), Penelopa Kruz (“Paralel analar”), Cessika Çesteyn (“Temmi Feyin gözləri”), Kristen Stüart (“Spenser”) mübarizəyə qatılıb.
“Ən yaxşı aktyor” nominasiyasında isə “Oskar” namizədləri bunlardır: Xavyer Bardem (“Rikardo olmaq”), Benedikt Kamberbetç (“Köpəyin hökmranlığı”), Endryu Qarfild (“Tik-tak, bum!”), Uill Smit (“Kral Riçard”) və Denzel Vaşinqton (“Makbet”).
Yaponiyalı kinematoqrafçıların “Qızıl qlobus”a layiq görülmüş “Maşınımın sükanına keç” (“Drive my car”, rejissor Ryusuke Hamaquçi) bədii filmi “Xarici dildə ən yaxşı film” (ingilis dilində olmayan filmlər) kateqoriyasında da “Oskar”a əsas iddiaçılardandır.
Qeyd edək ki, ABŞ kinoakademiyasının əsas mükafatı olan “Oskar”ın 94-cü mükafatlandırma mərasimi martın 27-də ənənəvi olaraq Los-Ancelesdəki “Dolby Teatrı”nda keçiriləcək.