Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un layihəsi üzrə 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilən Bursa şəhərinin Avropada daha bir təqdimatı keçirilib.
Təqdimat Bosniya və Herseqovinanın paytaxtında – 38-ci Sarayevo Qış Festivalının açılış mərasimi çərçivəsində Bursaya həsr edilən fotosərgi ilə gerçəkləşib.
Sarayevodakı Yunus Əmrə İnstitutunda təşkil olunan tədbirdə Türkiyənin Sarayevodakı səfiri Sadık Babür Girgin, Bursa Bələdiyyəsi Mədəniyyət Müdirliyinin rəhbəri, “Bursa – 2022: Türk Dünyasının Mədəniyyət Paytaxtı”nın koordinatoru Fətullah Bingül, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Sarayevo Qış Festivalının direktoru İbrahim Spahiç və Stari Qrad Bələdiyyəsinin sədri İbrahim Hacıbayriç iştirak ediblər.
Təqdimatda çıxış edən Fətullah Bingül Bursa ilə Sarayevonun 1972-ci ildən bəri qardaş bələdiyyələr olduğunu xatırladaraq, “Güclü əlaqələrimiz və dostluğumuzun sonsuza qədər davam edəcəyinə ümid edirəm” deyib. O, Bursada Balkanlara bənzəyən çox sayda mədəni izlərin olduğunu da diqqətə çatdırıb: “Bursa memarlıq və mədəniyyətin ən yaxşı nümunələri, təbii gözəllikləri, yay-qış turizmi imkanlarına malik tarixi bir şəhərdir”.
Səfir Sadık Babür Girgin də Sarayevo və Bursanın tarixi bənzərliyindən danışıb: “Sarayevo və Bursaya baxdığınız zaman onların həqiqətən də, oxşar olduğunu görəcəksiniz. Hər iki şəhər uzun tarix boyu paytaxt olub. Onların böyük mədəni irsi var. İki şəhəri bir-birinə bənzədən ortaq xüsusiyyətlər həmçinin insanları və təbiətidir...”.
Düsen Kaseinov isə öz çıxışında TÜRKSOY-un əsas missiyasından bəhs edib: “Məqsədimiz qardaş xalqlarımızla dostluq əlaqələrini qoruyub saxlamaqla ortaq mədəniyyətimizi, dilimizi, tariximizi, adət-ənənələrimizi kəşf etmək, inkişaf etdirmək, qoruyub saxlamaq, dünyada tanıtmaq və gələcək nəsillərə ötürməkdir...”.
Beynəlxalq Sarayevo Qış Festivalının direktoru İbrahim Spahiç Sarayevo və Bursa arasında əlaqələrin daha da güclənəcəyinə inandığını bildirib.
Qeyd edək ki, 38-ci Sarayevo Qış Festivalının rəsmi açılış mərasimində TÜRKSOY-un Baş katibi Düsen Kaseinova humanizm, mədəniyyət, insan hüquq və azadlıqlarına verdiyi töhfələrə görə “Azadlıq Mükafatı” (“Nagrada Sloboda”) təqdim olunub.
Səfər gedişində Düsen Kaseinov Bosniya və Herseqovina Dövlət Başqanlığı Şurasının üzvü (ölkəni bosniyalı müsəlmanlar, xorvat və serbləri təmsil edən üçlü Başqanlıq Şurası idarə edir – red.) Şefik Caferoviç tərəfindən də qəbul edilib.
Məlumat üçün bildirək ki, “Sarayevo Qış Festivalı” 1984-cü ildə bu şəhərin ilk dəfə ev sahibliyi etdiyi Qış Olimpiya Oyunlarından sonra ənənəvi olaraq keçirilir. Builki festivalın açılışına bir çox yerli və qonaq sənətçilər də qatılıb. Fevralın 7-də başlanan festival martın 21-dək müxtəlif tədbirlərlə davam edəcək.
Xatırladaq ki, 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilən Bursa şəhərinin bundan öncə Serbiyada – Belqrad şəhərində tanıtım-təqdimat mərasimi keçirilmişdi.
Mehparə Sultanova
Ankara