Moskvada elmi-praktik konfrans keçirilib
Azərbaycanın Rusiyadakı Səfirliyinin, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin və Özbəkistanın Rusiyadakı Səfirliyinin dəstəyi ilə fevralın 9-da Moskvada “Nizamidən Nəvaiyə qədər: dövrləri bağlayan tellər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Onlayn formatda beynəlxalq konfrans M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun təşkilatçılığı ilə reallaşıb.
Konfransda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iki böyük mütəfəkkir şairə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. “Tarixdə elə görkəmli şəxsiyyətlər var ki, əsrlər keçməsinə baxmayaraq, onlar öz yaradıcılığı ilə xalqları, mədəniyyətləri və ölkələri birləşdirirlər” deyən səfir qeyd edib ki, belə şəxsiyyətlər bəşəriyyətdə qarşılıqlı anlaşma mühitinin yaranmasına, müxtəlif mədəniyyətlərin daha da zənginləşməsinə və gələcəyə böyük ümidlə baxmağa imkan yaradırlar.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında danışan diplomat Prezident İlham Əliyevin sərəncamına əsasən 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini diqqətə çatdırıb, şairin 880 illiyinin həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində geniş qeyd olunduğunu bildirib.
Polad Bülbüloğlu Nizaminin qədim Azərbaycan şəhəri olan Gəncədə yaşayıb-yaratdığını vurğulayaraq, onun zəngin yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib. Vurğulayıb ki, Nizami irsi mənəvi dəyərlərin qorunub saxlanılmasına xidmət edir.
Nizaminin xatirəsinin Azərbaycanda, o cümlədən onun doğma Gəncə şəhərində əbədiləşdirildiyini qeyd edən Polad Bülbüloğlu Rusiyada da dahi mütəfəkkirin adının hər zaman əziz tutulduğunu deyib. 1941-ci ildə blokadada olan Leninqrad şəhərində Dövlət Ermitajının ovaxtkı direktoru İosif Orbelinin təşəbbüsü ilə dahi mütəfəkkirin 800 illiyinin təntənəli qeyd edildiyini xatırladan səfir 1991-ci ildə Peterburqun sabiq meri Anatoli Sobçakın iştirakı ilə eyni binada Nizaminin 850 illik yubileyi ilə bağlı tədbirin keçirildiyini də yada salıb. Bildirib ki, elə həmin il Moskvada, hazırda Azərbaycan səfirliyinin yerləşdiyi binanın yanında yerləşən parkda şairin abidəsi ucaldılıb. Bu gün də insanlar parka gələrək abidənin qarşısına gül-çiçəklər qoyur, Nizaminin əziz xatirəsini yad edirlər.
Səfir onu da diqqətə çatdırıb ki, 2002-ci ildə Nizaminin daha bir abidəsi Sankt-Peterburq şəhərində ucaldılıb. Abidənin təntənəli açılış mərasimi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilib.
Çıxışının sonunda Polad Bülbüloğlu Nizaminin yaradıcılığına müraciət edərək şairin poeziyasından bir parçanı oxuyub.
Konfransda Özbəkistan Respublikasının Rusiyadakı səfiri Botirjon Asadov, MDU-nun Asiya və Afrika Ölkələri İnstitutunun direktoru Aleksey Maslov, Avrasiya Xalqları Assambleyası baş katibinin birinci müavini Svetlana Smirnova, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Qulçexra Rixsiyeva, Özbəkistan Milli Universiteti Tarix fakültəsinin dekanı Alişer Muminov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli və digərləri çıxış ediblər. Natiqlər Nizami və Nəvainin həyat və yaradıcılığı haqda danışıb, onların əsərlərində bəşəriyyətə ünvanlanmış çağırışları qeyd ediblər.
Sonra konfrans öz işini seksiyalar üzrə davam etdirib. “XXI əsrdə nizamişünaslıq (Nizami Gəncəvinin anadan olmasının 880 illiyi)”, “Nizami Gəncəvi yaradıcılığında ədalət axtarışı”, “Ə.Nəvai yaradıcılığında Nizaminin humanizm prinsiplərinin varisliyi”, “Nizami Gəncəvi və İntibah məsələləri” mövzularında məruzələr dinlənilib.
Tədbirin bilavasitə təşkilatçısı – Moskva Dövlət Universiteti Asiya və Afrika Ölkələri İnstitutunun Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasının müdiri, tarix elmləri doktoru, professor Jibek Sızdıkova bildirib ki, Şərq poeziyasının iki dahi şairi – Nizami və Nəvaiyə həsr edilmiş belə elmi konfransın keçirilməsi təsadüfi deyil. Alim qeyd edib ki, Nizami Şərq Renessansının banisi hesab edilirsə, Nəvai də Nizami ideyalarının layiqli davamçısı sayıla bilər: “Nəvai Nizami yaradıcılığına yaxşı bələd idi. Nəvai də insanı tərənnüm edirdi. Onun məhəbbət lirikası və fəlsəfi lirikası çox məşhurdur. Buna görə mən belə bir konfrans təşkil etməyi qərara aldım ki, biz bütün Şərq poeziyasının, xüsusən türk ədəbiyyatı və mədəniyyətinin tərkib hissələrini görə bilək”.
J.Sızdıkova bildirib ki, Nizami və Nəvainin yaradıcılığının əsrlər boyu, peşəsindən asılı olmayaraq hər bir insanın qəlbinə nüfuz etməsinin səbəbi barədə düşünərkən rus şairi Pasternakın “dövrləri bağlayan tellər” sözlərini xatırlayıb: “Konfransın adını da “Nizamidən Nəvaiyə qədər: dövrləri bağlayan tellər” qoymağı qərara aldım...”.
Alim eyni zamanda dünyanın bir çox ölkələrində bu mövzuya böyük maraq göstərildiyini, konfransa qoşulmaq istəyənlərin sayının çox olduğunu da diqqətə çatdırıb.
Qeyd edək ki, 2021-ci ildə Nizami Gəncəvinin 880 illiyi ilə yanaşı, böyük özbək şairi Əlişir Nəvainin də 580 illiyi tamam olub.